16 Fevral 2017 00:05
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

"M Group production" təşkilatçılığı ilə "Gənclik Mall"da "Bayram axşamı" filminin qala gecəsi keçirilib. Qala gecəsinə əsasən KİV nümayəndələri dəvət olunmuşdular. Bununla belə mədəniyyət aləminin sayılıb-seçilən nümayəndələri də gecəyə qatılıblar.

Filmdə İslam Mehrəliyev, Cəmil Məmmədli, Əkbər Əlizadə, Elxan Quliyev, Firəngiz Mütəllimova, Naidə Orucova, Fariz Əliyev və s. aktyorlar çəkilib.

"Bayram axşamı"nın rejissoru Toğrul Məmmədovdur.

Prodüser Murad Dadaşov Teleqraf.com-a filmlə bağlı təəssüratlarını bölüşüb:

"Film Novruz bayramında baş verən hadisədən bəhs edir. Bayramla bağlı çoxlu məlumatlar görəcəksiniz. Filmin prodüseriyəm. Maliyyə məsələləri mənə aiddir. "Bayram axşamı" bahalı filmdir. Azərbaycanda çəkilən filmlər sırasında kifayət qədər sərmayə qoyulan filmlər var. Əminəm ki, xərclədiyim məbləği filmdən götürə biləcəm. Çünki fərdi və maraqlı bir işdir. Özüm də kiçik bir səhnədə oynamışam. Hər zaman mənfi obraz canlandırmaq istəmişəm və ilk dəfə arzuma çatdım. Bu işdə tapıntı olmasaydı, həyata keçirməzdim. Film yarım il ərzində çəkildi. Bu sahədə ilk işimizdir. Kino sahəsində ilk addımlarımızı atırıq".

Murad Dadaşov tənqidi sevmədiyini də etiraf edib: "Tənqidi sevmirəm. Çünki kifayət qədər əziyyət çəkirəm ki, işim uğurlu alınsın".

Filmin prodüseri təqdimata həmkarlarının dəvət etməməsindən də danışıb: "Bu gün filmin mediya nümayişidir. Ona görə də bir çox insanları dəvət edə bilmədim".

Filmin baş rol ifaçısı Oksana Rəsulova isə ilk dəfə komediya filmində oynadığını deyib: "Çox həyacanlıyam və ilk dəfədir ki, komik obraza çəkilirəm. Komediya çox çətin janrdır. İnsanları güldürmək çox çətindir. Obrazımın adı Firəngizdir. Bayram adlı oğlanı sevirəm. O obrazı isə İslam Mehrəliyev canlandırır. Cəmiyyət Bayramı qəbul eləmir, amma mən onu qəbul edirəm. Başına böyük faciə gəlir. 30 yaşlı Bayram altı aylıq uşaq olur. Firəngiz sevgilisi üçün fədakarlıqlar edir. Çox gülməli filmdir".

Oksana filmdən əldə etdiyi qonararının yüksək olduğunu vurğulayıb.

O.Rəsulova həyatda da sevgisi uğrunda fədakarlıq edə biləcəyini dedi: "Çox sevsəydim fədakarlıq edərdim".

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər