Artıq çəki problemi əksər qadınları narahat edir. Xanımlarımız bu problemdən qurtulmaq üçün pəhriz saxlayıb, idmanla məşğul olurlar, aktiv həyat tərzi keçirirlər. Təbii ki, bunu ancaq son bir neçə ilə şamil etmək olar. Çünki əvvəllər qadınlar köklüyü dərd etmirdilər. Hətta 70-80-ci illərdə ətli-budlu qadınlar gözəl hesab olunurdu. İndi isə zəmanə dəyişib, qızlar podiuma çıxan modellər kimi 60 santimetr bel ölçüsünə sahib olmaq istəyirlər.
Əfsuslar olsun ki, Azərbaycanda artıq çəkisi olan kişilər bunu özlərinə dərd etmirlər. Amma nahaq! Apardığımız araşdırma zamanı belə qənaətə gəldik ki, Azərbaycanda artıq çəkidən əziyyət çəkənlərin 60 faizi elə kişilərdir. Hətta qaraciyər piylənməsi kişilərdə çox rast gəlinən xəstəliyə çevrilib. Acınacaqlı hal odur ki, qadınlardan fərqli olaraq, əksər hallarda kişilər artıq çəki probleminə heç də kritik yanaşmırlar.
“Mənim sadəcə, göbəyim (qarnım) var, bu məgər piylənmədir!?” – deyərək, özlərini bu həyat tərzi ilə yaşamaqda davam etməkdə haqlı sayırlar.
Diyetoloq Leyla Zülfüqarova kişilərin artıq çəki problemindən və bundan qurtulmağın yollarından Tabloid.az oxucularına danışır:
“Kişilərdə rast gəlinən artıq çəki və daha çox qarın nahiyəsində toplanan piylənmə əlbəttə ki, təsadüfi deyil. Bu zaman daxili orqanların da piylənməsi yaranır ki, bu da bəzən estetik problemdən daha çox ağır xəstəliklərin meydana gəlməsinə böyük səbəbdir. Belə hallarda qaraciyərin piy distrofiyası (qaraciyər hüceyrəsində piy damarlarının toplanması), ürəyin işemik xəstəlikləri, ateroskleroz, hipertoniya, şəkərli diabet kimi zəmanəmizin aktual xəstəlikləri meydana gəlir. Əgər piylənməyə iltihab “yoldaşlıq” edirsə, bu vəziyyət ilk olaraq qaraciyər hüceyrəsinə, sonra fibroz və oradan da serroza qədər gedir”.
L.Zülfüqarova deyir ki, normal, sağlam orqanizmdə qaraciyər hüceyrələrində az miqdarda yağ ola bilər. Bu da hər hansı bir xəstəliyə səbəb olmaz:
“Lakin artıq çəki yığdığımız zaman qaraciyərin piylənməsi qaraciyər serrozuna, sonra da qaraciyər xərçənginə qədər yol aça bilər. Buna görə də qaraciyər piylənməsi olan xəstələr daim nəzarətdə olmalıdır”.
Həkim qaraciyər piylənməsinin səbəbləri haqqında danışarkən bunları deyir:
“Qaraciyər piylənməsi iki yerə ayrılır. Bunlardan biri spirtli içkiyə bağlı olan səbəb, digəri spirtli içkiyə bağlı olmayan səbəblərdir. Bu da qeyri-sağlam qidalanma adətlərinin olmasından irəli gəlir.
Spirtli içkiyə bağlı olan qaraciyər piylənməsinin əsas müalicə üsulu onun qəbulunun dayandırılmasıdır. Spirt qəbul etməyən və artıq çəki problemi olan kişilər isə bu xəstəlikdən yaxa qurtarmaq üçün mütləq həyat tərzlərini dəyişməlidirlər. İdmanla məşğul olmalı, yeməkdəki yağın miqdarını azaltmalıdırlar. Heyvan mənşəli yağlar, şokolad, toyuq dərisi kimi qidalardan uzaq durmaq, meyvə-tərəvəz, ağ ət istifadə etmək olar”.
Bununla yanaşı həftənin dörd günü ən az 20 dəqiqə idmanla məşğul olmaq, yəni, hərəkət etmək önəmlidir Diyetoloq deyir ki, qaraciyərində piylənmə olan artıq çəkili insanlar mütləq bu çəkidən xilas olmalıdırlar. Ən önəmlisi isə bu sahədə mütəxəssisə müraciət etməkdir:
“Digər səbəblərdən çox zərərli qida vərdişləridir ki, bu da adətən böyük şəhər sakinlərinə aiddir. Bunu şərti olaraq “Qərb həyat tərzi” adlandırardım. Nə vaxt ki, həyatın tempi artır, gərgin iş qrafiki olur, tələsmə və stress həyatın “normasına” çevrilir… İnsanlar səhər yeməyini və ya naharı buraxırlar, yolda gedə-gedə və ya sükan arxasında, “ayaqüstü qidalar” (fastfood) yeyirlər. Və yalnız sakit tempə düşdükdə - bu da əfsuslar olsun ki, gecə saatlarına təsadüf edir - yatmamışdan öncə (yuxudan əvvəl) bol şam yeməyi süfrəsinə əyləşirlər, doyunca yeyirlər. Bununla da, gün ərzində səhər və nahar yeməyinin təmin olunmamış ehtiyacları şam yeməyi zamanı yemək tələbatını artırmış olur”.
Maraqlıdır ki, bəzən çox insanlar, xüsusilə də kişilər iş fəaliyyəti ilə əlaqədar olaraq stressə və gərginliyə cavab olaraq yeyirlər:
“Bu xoşagəlməz vəziyyətlə mübarizənin strategiyaları aktiv və passiv olur. Bəzən aktiv mübarizədə stressin səbəbi və aradan qaldırılması üçün addımlar atılır. Passiv mübarizədə isə bütün güclər stressin aradan qaldırılmasına deyil, “nəticənin aradan qaldırılmasına” yönəlir. O mənada ki, piylənmə xəstəliyi olan kişi aktiv həyat yaşamaq istəmir, mübarizə aparmır. Əksinə, çıxış yolunu spirtli içki qəbul edib, yağlı, çox kalorili yeməklər yeməkdə görür. Bununla da, yemək, stresslə passiv mübarizə üsullarından birinə çevrilir. Stress vaxtı kortizol ( böyrək üstü vəzin hormonu) səviyyəsi yüksəlir. Bu da artıq piyin toplanmasına və abdominal piylənmənin inkişafına imkan yaradır. Bu da öz növbəsində ikinci tip şəkərli diabetin, arterial hipertoniyanın və başqa xəstəliklərin inkişafı riskini artırır. Ümumiyyətlə, bu tip maddələr mübadiləsi pozğunluğu xəstəlikləri qadınlara nisbətən kişilərdə bir az gec təzahür edir”.
L.Zülfüqarova pis fəsadlarla üzləşməmək üçün kişilərin konkret saatlarda yemək yemələrini məsləhət görür:
“Yemək maddələr mübadiləsinin sürətli çalışdığı saatlarda yeyilməlidir. Bu səbəblə mütləq bunlara diqqət edin:
- Səhər yeməyi qətiliklə yeyilməlidir.
- Axşam saatlarında - maddələr mübadiləsinin yavaşladığı vaxtlarda az yemək yeyin.
- Axşam yeməklərini yüngül qidalarla ötürməyə adət edin.
- Axşam 20:00-dan sonra qəbul edilən qidaların bədən tərəfindən çətin parçalandığını unutmayın.
- Spirtli içkiləri yeməkdən 1-2 saat əvvəl və ya sonra için.
- Gec saatlarda qəbul edilən spirtin bədən tərəfindən yandırılması vaxt aldığı üçün bu pis vərdişinizdən ümumiyyətlə imtina edin.
Və unutmayın! Qaraciyər piylənməsi olan kişilər spirtli içkilər içmək, kababları və qazlı içkiləri tez-tez qəbul etmək vərdişinə əlvida deməlidir. Qida qəbul edərkən içki ümumiyyətlə, içilməməlidir.