Akademik Milli Dram Teatrında yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunub.
Teleqraf.com-un məlumatına görə, səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor asistenti Nərmin Camalovadır.
Tamaşanın bədii rəhbəri Akademik xalq artisti Azər Paşa Nemətovdur.
Rollarda əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir.
Tamaşaçıların rəğbətini qazanan səhnə əsəri alqışlarla qarşılanıb. Oyun qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.
Səhnə əsəri iki fərqli dünya insanının söhbəti, bir-birinə təmassız toxunuşları, ehtirası, sevgisi, peşmanlığı, əsəbi, mübahisəsi, yenə də qovuşmaq arzuları üzərində qurulub. Bütün ömürlərini öz ağuşuna alan faciə də məhz budur: bir-birini sevən, bir-birinə can atan insanların bir-birinin dünyalarındakı ayrılıq. Elə birinin ölü, o birinin diri olması da simvolikdir.