14 Noyabr 2018 09:21
2 771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Şəbnəm Tovuzlu Teleqraf.com-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Bir neçə gün öncə “Necəsən mənsiz” adlı klip təqdimatınızda qalmaqal düşdü...

- Qalmaqallı işin sonu adətən gözəl olur. Elə mənim ən birinci qalmaqallı müsahibəmi siz etdiniz. Bu müsahibə pisə də, yaxşıya da yozuldu. Məni tənqid də etdilər, hətta təhqir də.

- Qara piar Şəbnəmin xeyrinə oldu?..

- Mən sənətə qara piarla gəlməmişdim ki... Heç bir zaman qalmaqalla, söz-söhbətlə məşhur olmağı istəməmişəm. Amma həyatda qismət deyilən bir şey var. Müğənninin şansı, naxışı da olmalıdır. Azərbaycanda bu gün o qədər ifaçılar var ki, efirə külli miqdarda pul qoya bilərlər, amma onların siması acıdırsa, yalnız ətrafındakı min nəfər tərəfindən sevilər.

Şəbnəm bu gün ölkənin hər yerində tanınır. Türkiyədə 30 faiz də olsa tanınıram. Çünki bu dəqiqə mənim “Qadasın alaram” klipim “Kral TV” yayımlanır.

- Bəs sizdən savayı Türkiyədə hansı müğənnimizi tanıyırlar?

- Ad çəkə bilmərəm. Orada Aygün Kazımova ilə Röya Ayxanın klipini görmüşəm. Onların da klipi Türkiyə yayımlanırsa, bu bir uğurdur. Mənim klipim mən istəmədən orada yayımlanır. Yəni bəyəndikləri üçün klipimi göstərirlər.

- Mətbuatda belə bir xəbər getmişdi ki, yəhudi toylarında ən çox tələb olunan azərbaycanlı müğənnilərdən biri sizsiz. Bu nə qədər düzgündür?

- Tək yəhudi toyları deyil. Məni Rusiyanın bütöv bölgələrinə dəvət edirlər. Əgər orada sevilirəmsə, bu mənim tərbiyəmdən irəli gəlir. Təbii, hər bir ailə istəyər ki, onun məclisində əsl xanım iştirak eləsin. Mən də hər zaman öz xanımlığımı qorumuşam. Hər ünvanda öz yerimi bilmişəm.

- Sosial şəbəkədə bəzən şərhlərdə yazırlar ki, “Bu da Həcinin həyat yoldaşı”. Bu cür rəylərə münasibətiniz necə olur?

- Şəbnəm müğənnidir. Layiqi olduğu şeyləri edə bilər. Buna haqqı var. İstəyərəm səhnəyə motosikletlə də, helikopterlə də çıxaram. Bu mənim şəxsi fikrimdir. Müğənni özünü necə görürsə, elə də edə bilər.

- Bəs həyat yoldaşınızın sizə qadağaları varmı?

- Bəzi şeyləri qadağan edib. Mən özümü o yerə qoymamışam ki, qadağalar çox olsun.

- Əsas qadağaları nədən ibarətdir?

- Deyib ki, kliplərdə özün oynamayacaqsan. Yalnız başqaları oynaya bilər. Klipdə üz-üzə oturmaq, əl-ələ tutmaq səhnəsinin çəkilməsinə icazə vermir. Bunları mənə qadağa edib. Yəni bu, ailəli bir xanıma yaraşmaz.

- Gələcəkdə oğlunun müğənni qızla ailə qurmasını istərdiz?

- Əlbəttə. Təki oğlum istəsin, təki oğlum o qızı sevsin. Bunun peşəyə heç bir aidiyyəti yoxdur. Bu gün mən müğənniyəm. Pisəm? Gözəl ailəm, tərbiyəm, əxlaqım var. Mənim tanıyanlar tanıyır. Harda çalışmasından asılı olmayaraq, əgər sənin canında yaxşılıq varsa, sən yaxşı olacaqsan. Ya da əksinə. Mən hər zaman demişəm ki, elə həkimlərimiz, müəllimələrimiz, iş xanımlarımız var, müğənnilər onların yanında yalandır. Təbii ki, bu dediklərim bəzi müəllimlərə, həkimlərə, iş xanımlarına aiddir. Sadəcə müğənnilərin əskisi tüstülüdür.

- Ailənizi dağıtmaq istəyənlər olubmu?

- Ailə Allahın izniylə qurubsa, bəndə nə karədir ki? Dağıtmaq istəyənləri kənardan görsəm də əhəmiyyət verməmişəm. Çünki qismətimi Allah mənə verib.

- Həyatınızda heç vaxt bağışlamayacağınız insan varmı?

- Allah bağışlayandırsa, biz niyə bağışlamayaq? Ən böyük düşmənimi Allah xatirinə bağışlayan insanam.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər