Məhur aparıcı Xoşqədəm Hidayətqızı Teleqraf.com-un suallarını cavablandırıb.
- Xoşqədəm xanım, “Səni axtarıram” verilişi reytinqini hələ də qoruyub saxlayır. Maraqlıdır, bunun öhdəsindən necə gəlirsiniz?
- Çəkilişlərimiz gərgin keçir. Amma sonda gözəl nəticə varsa, bu bizi xoşbəxt edir. Ayrılanların barışması, itkinlərin tapılması, xəstənin şəfaya qovuşması, evsizin ev sahibi olması və sair. Sevindirici olaylardır və bizə reytinq gətirir...
- Daim insanların problemləri ilə məşğulsunuz. Ümumiyyətlə, neqativ enerjinin təsiri olurmu?
- Deyim ki, neqativlərin öhdəsindən gəlirəm, yox... Gecə işdən ayrılıb evə gedəndə hamısını yaşayıram.
- Verilişinizdə bəzi müğənnilərin şəxsi həyatını ifşa etdiniz, amma davamı gəlmədi. Səbəb nə oldu?
- Nə deyirsən, hər gün sizə də material olsun?.. (Gülür). Vallah deyim ki, onlardan bəziləri haqda hətta Türkiyədən belə mənə yazmışdılar. Yazılar davam edir. Hələ ki marağımda olan bir şey yoxdur. Olanda üzə çıxaracam.
Amma əmin olun, kim kimlədir, nə edirlər, xəbərim var. Kişilərin xanımları mənə yazırlar. O gün bir xanım həyat yoldaşının bir müğənni ilə münasibətini öyrənib mənə yazmışdı ki, ərim əldən gedib. Mən də yazdım ki, ay xanım, kişinin bir dədəsi, böyüyü, ağsaqqalı var. Niyə mənə deyirsən?
Cavab verir ki, kimə desəm, “sən xanımsan, pulunu gətirir, otur” məsləhəti verəcək. Bəlkə bunun öhdəsindən siz gələrsiniz. Məndə belə yazılar çoxdur. Hər şeyi də efirə çıxarmaq olmur.
“ Səni axtarıram” verilişinin profili dəyişmişdi. Bu, axtarış proqramıdır. Bəzən verilişdə sosial məqam qabaranda onu azaltmağa çalışıram. 60 mindən çox müraciət var. Elə talelər olur ki, sosial problemlərə görə axtarışın nəticəsini verə bilmirəm. İstər-istəməz müzakirələr gedir.
- Bir müddət əvvəl övladlarınız Türkiyədə idi...
- Hazırda Bakıdadır. Bura gətirmişəm. Çünki onlarsız dayana bilmirəm. Hər həftəsonu Türkiyəyə getmək böyük xərcdir. Həm də verilişlə bağlı çəkilişlərim olur. Ona görə də ciddi problemlərlə qarşılaşırdım. Uşaqları gətirdim. Bir-iki aydan sonra yenə Türkiyəyə gedib bir ay qalacaqlar.