"Koronavirus ciddi xəstəlikdir. Dünyamızı, xalqımızı Allah bu bəladan qorusun və bu ağır günlərdən üzüağ çıxaq. Bu elə yoluxucu xəstəlikdir. Qardaş-qardaşı, qonşu-qonşunu qorumalıdır. Tək ailədən söhbət getmir. Elə etməliyik ki, virusa yoluxmayaq və onu heç kəsə yoluxdurmayaq".
Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Alim Qasımov deyib.
O, insanları özlərini qorumağa çağırıb: "Xəstəliyin öhdəsindən birgə nizam-intizamla gələ bilərik. Ölkəmizi qorumalıyıq ki, xəstəlik tez ötüşsün. Evdə məşğuliyyət tapmaq lazımdır. Darıxmamaq üçün arvadla tez-tez küsüb barışsınlar (gülür)... Bir də nəvələri ilə oynasınlar...
Yalandan da olsa evdə hərəkət etsinlər. Evdə bel idmanları etsinlər, belləri ağrımasın.
Mən yaxşı filmlərə baxıram, sonra tarımı çalıb zümzümə edirəm, uşaqlarla danışıram. Buna dözmək lazımdır . Heç olmasa başqına xeyrimiz dəymir, ziyanız toxunmasın. Söhbət bundan gedir".