14 Aprel 2020 15:19
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan məşhur azərbaycanlı model Günay Musayeva Teleqraf.com-un suallarını cavablandırıb.

- COVID-19 infeksiyasına qarşı Türkiyənin 31 şəhərində iki günlük küçəyə çıxmaq qadağan edildi. Bu isə insanlarda təşviş yaratdı və küçələrə axışdılar. Hazırda orada vəziyyət necədir?

- Bəli, Türkiyədə iki gün küçəyə çıxmaq qadağan olundu. Əslində, bu, xalqın təhlükəsizliyi üçün dövlətin verdiyi qərar idi. Sadəcə insanlara xəbər gec verildiyi və onların təcrübəsiz olduğu üçün bir az həyəcan yaşandı.

Yenə bu həftəsonu iki günlük qadağa olacaq. Düşünürəm ki, bir daha belə hadisə yaşanmayacaq. İnsanlar daha təcrübəli olmağa başladılar.

Ümid edirəm ki, qısa zamanda Azərbaycan, Türkiyə və bütün dünya bu bəladan qurtaracaq. Əhvalımızı yaxşı tutmağa çalışmalıyıq, çünki pozitiv olmaq çox vacibdir. Təhükəsizliyimiz üçün evdə qalaq. Bu bizim sağlamlığımızdan ötrü önəmlidir.

- Günay xanım, karantin rejimində vaxtınızı necə keçirirsiniz?

- Evdə vaxt keçirməyi çox sevirəm. Əvvəllər etmək istədiyim işləri görürəm. Seriallar izləyirəm, idmanla məşğul oluram. Evdə idman alətləri olmadan da əşyalarla bir çox idman hərəkətləri edə bilərsən. Bununla yanaşı, kitab oxuyuram. Ümumiyyətlə, kitab oxumağı çox sevirəm.

Əvvəllər yemək bişirməyi çox sevmirdim, indi təzə yeməklər öyrənməyə başlamışam. Dünən həyatımda ilk dəfə kotlet bişirdim... Vaxt çox olduğu üçün daha çox oxuyur, araşdırmalar aparıram. Əslində, karantin rejiminin müsbət tərəfləri də var.

Pozitiv olmağa çalışıram... Bu, bütün dünyanın bəlasıdır.

- Avropa və Amerikada koronavirusdan ölənlərin sayı çoxdur. Buna baxmayaraq virusa inanmayanlar hələ də var. Türkiyədə bu məsələyə yanaşma necədir?

- Təəssüf ki, bu virus bütün dünyada yayılıb. Hər yerdə vəziyyət çox gərgindir və getdikcə də pisləşir. Ciddiyə almaq lazımdır. Türkiyədə ilk vaxtlar insanlar koronavirusu saya salmadılar. Mən Nişantaşıda maska ilə gəzdiyim zaman insanlar təəccüblə baxırdılar. O vaxtdan çox araşdırdım və çox məlumat aldım.

Koronavirusdan özümü çox qoruyuram. Lap əvvəldən küçəyə çıxanda maska taxırdım. İnsanlarla məsafə saxlamağa yanvar ayından başlamışdım. O vaxtdan bu vaxta özümə və oğluma diqqət edirəm. Tez-tez qrip oluram, xüsusilə qış aylarında məndə quru öskürək olur. Hərdən şübhə də edirdim, görəsən, mənə də olub. Şükürlər olsun, heç nə yoxdur. Əsasən bu xəstəlikdə daha çox yüksək temperatur olur.

Məcburən mağazaya və aptekə gedəndə mütləq maska və əlcəkdən istifadə edirəm. Tək indi yox, bu bəlanın dərmanı tapılana qədər belə davam edəcəm. Özümüzü qorumaq məcburiyyətindəyik.

- Ailənizdən uzaqda yaşayırsınız. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə müvəqqəti olaraq Türkiyə ilə Azərbaycan arasında sərhəd bağlıdır. Bu müddət ərzində ailə üzvlərinizə necə dəstək olursunuz?

- Düzdür, ailə üzvlərimdən uzaqda yaşayıram. Sərhədlər müvəqqəti bağlanıb. Onlar üçün çox darıxıram, xüsusən anam üçün. Hər gün telefonda görüntülü danışıram. Əslində, Novruz bayramında Bakıya gəlmək istəyirdim, mümkün olmadı. Amma hər gün bir-birimizlə əlaqə saxlamağa çalışırıq.

- Bir çox məşhurlar yardım kampaniyasına qoşulublar. Siz necə, az təminatlı ailələrə kömək edirsinizmi?

- Mən də əlimdən gəldiyi qədər kömək edirəm. Az təminatlı ailələrə dəstək olmağa çalışıram.

- Həyatınızda karantin rejimi nələri dəyişdi?

- Bu rejim həyatımızda çox şeyi dəyişdi. Hazırda yüz illərlə görmədiyimiz bir problemi yaşayırıq.

- Övladınız Cahangiri necə qoruyursunuz?

- Oğlum evdə onlayn yolla dərslərinə davam edir. Onunla daha çox vaxt keçirirəm. Bu rejim daha çox Cahangirin xoşuna gəlir, mənimlə birlikdə olduğu üçün. Uşaqların yanında nə ediriksə, onlar da bizi təkrarlayırlar. Yanında kitab oxuyursan, o da kitab oxuyur. Yaxud telefonla məşğul olursan, televizoru izləyirsən, o da bu hərəkəti edir. Ona görə valideynlərə tövsiyə edirəm ki, pis nümunədən uzaq olsunlar.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər