15 Aprel 2020 12:07
4 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kikboks üzrə dünya çempionu, "Qəbələ" İdman Klubunun üzvü Pərviz Abdullayev (“Kobra Pərviz”) Teleqraf.com-a müsahibə verib.

- Türkiyənin nüfuzlu "Survivor" yarışmasında iştirak etdiniz. İki aydan sonra SMS vasitəsi ilə səsvermədə yarışı tərk etdiniz. Oyundan sonra özünüzü necə hiss edirsiniz?

- "Survivor" yarışmasında iştirak etmək mənim üçün bir məcara idi. Finala qədər getmək istəyərdim, amma olmadı. Hazırda vəziyyətim isə çox yaxşıdır. Özümü çox gözəl hiss edirəm. Dominikan Respublikasında oteldə karantindəyik.

- Yarışmanın aparıcısı və layihə rəhbəri Acun Ilıcalı siz yarışmanı tərk edən zaman təəccübləndiyini bildirdi. Qeyd etdi ki, ilk dəfədir performansı yüksək olan və oyunlarda səhv etməyən bir iştirakçı yarışı tez tərk edir.

- Bəli, Acun Ilıcalı da mənim çıxacağıma inana bilmirdi. Çünki performansda ikinci idim. Həm də "Ünlüllər" komandasında ən yaxşı performans göstərən iştirakçı idim. Orada da sevildiyimi hiss edirdim, amma olmadı. Acun bəy də ölkəmizi çox gözəl təmsil etdiyimi bildirdi.

- Yarışı tərk etdiyinizə görə sosial şəbəkələrdə Acunuı tənqid edənlər də oldu. Bu haqda nə deyə bilərsiniz?

- Hər kəs özü bildiyi kimi düşünür, hər kəsin özünə uyğun yanaşma tərzi, məntiqi var. Bu bir oyundur və kimisə günahlandırmaq düz deyil. Əsas odur ki, insanların ürəyində yer tutdum. Məni sevənlərim sayı daha da çoxaldı. Mənə analardan, uşaqlardan çox saylı mesajlar gəldi ki, siz "Survivor"dan çıxdığınıza görə ağladıq və s. Mənim üçün bu, böyük bir sevincdir.

- "Ünlülər" komandasında oynadınız. Yarışda daha çox kimlərlə dostluq münasibətiniz vardı?

- Mert Öcal və Ersin Korkutla yaxın dostluq edirdim. Ersin qardaşla bundan sonra da dostluğumuz davam edəcək. İnşallah, Azərbayacana gələcək.

- Aktyor Ersin Korkut sizin oyunu tərk etmədən öncə əhvalınızın yaxşı olmadığını dedi. Həmin gün oyundan çıxacağınızı düşünürdünüz?

- Yarışmadan çıxacağımı düşünmürdüm. Hətta səsvermədə birinci olacağımı da beynimdən keçirirdim, amma olmadı...

- Özünüzə rəqib gördüyünüz iştirakçı var idi?

- Özüm özümə rəqibəm.

- Yarışmanın kamera arxasında baş verənlər haqqında nə deyə bilərsiniz? Həqiqətən uduzan zaman yemək yeməyə icazə verilmir?

- Yarışda ən böyük problemlərdən biri yeməkdi. Həqiqətən də yemək "Survivor" yarışmasının ən çətin tərəflərindəndir. Demək olar ki, yemək yoxdur, aclıq çəkirsən. Əlbəttə ki, yarışmadan çıxdıqdan sonra rahat yeyə bilirsən.

- Bu oyunda iştirakınız həyatınızda və kariyeranızda nələri dəyişdi?

- Yarışmada iştirakım daha çox sevilməyimə, tanınmağıma səbəb oldu. Yəqin ki, bunu qarşıdakı aylarda daha da hiss edəcəm.

- Gələcəkdə yarışmaya qatılacağınızı düşünürsünüz?

- Bəli, gələcəkdə yenidən yarışa qatılmağı arzulayıram. Ola bilsin ki, qarşıdakı illərdə "Survivor: All-stars"a qatıldım.

- Yarışda olanda övladlarınızla danışarkən göz yaşlarınızı saxlaya bilmirdiniz. Ailənizdən uzaq qalmaq nə dərəcədə çətindir?

- "Survivor" yarışmasının daha bir çətin tərəfi yaxınlarla əlaqənin olmamasıdır. Düşünün ki, tandığınız heç kimi iki ay görmürsünüz. İki oğlum var, şəkillərini görüb özümü saxlaya bilmədim.

- COVİD-19 infeksiyasının qarşısını almaq məqsədi ilə dövlətlər arası sərhədlər bağlıdır. Sərhəd açıldıqdan sonra Türkiyəyə, oradan isə Bakıya gələcəyinizi qeyd etdiniz.

- Bəli, ilk öncə Türkiyəyə gedəcəm. İstanbulda insanlarla görüş olmalıdır.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər