Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən əməkdar artist Bəhram Bağırzadənin son vəziyyəti haqqında məlumat verilib.
Teleqraf.com-un məlumatına görə, Mərkəzi Gömrük Xəstəxanasının Elmi Təcrübə və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov İTV-ə açıqlamasında bu sözləri deyib:
"Bəhram Bağırzadə ECMO cihazına bağlandıqdan sonra son 24 saat ərzində xəstəlik dinamikasında az da olsa stabillik və hətta müsbət gedişat olduğunu deyə bilərəm. Ağciyər xaricində orqanlarının funksiyasının normaya dönməsi, analizlərində mənfiləşmənin olmaması və ağciyərin aldığı zədədən dolayı funksiyasını itirdiyi halda ECMO aparat sayəsində bədənin oksigenləşməsində problemin aradan qalxması bizim üçün əlamətdar hadisədir.
Əlbəttə, hər an yerli və xarici ekpertlərlə müzakirələr aparılır. Birinci vitse-prezident Mehriban Əliyeva vəziyyətə nəzarət edir, hər mərhələdə lazım olan bütün dərman preparatları alınır və texniki imkanlar ortaya qoyulur".
Qeyd edək ki, Bəhrüm Bağırzadə iyunun 13-dən Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Onun ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olub.