24 Avqust 2020 11:29
1 613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nura Suri sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Nura Suri pandemiyaya görə Amerikada yaşayan oğlanları ilə görüşə bilmədiyini qeyd edib:

"Ən çox London üçün darıxmışam. İlk dəfə həyat yoldaşımla orada 1998-ci ildə olmuşam. Böyük oğlum orada təhsil alacaqdı. Bunu hələ övladım olmazdan əvvəl arzu etmişdim. Həmişə övladlarım oğlan olacaq və Avropada təhsil alacaqlar deyirdim. Qız istəmirdim, çünki qadın olmaq heç asan deyil.
Mən belə danışanda rəfiqələrim qəribə baxırdılar. Nə demişdimsə, necə istəmişdimsə, elə də oldu.
Oğlumun beş yaşı olanda 2000-ci ildə xaricə məktəbə imtahan verib qəbul oldu.
Və məktəbi bitirəndən sonra İngiltərənin ən yaxşı altı universitetinə qəbul olundu və ən yaxşısını seçdik. On altı yaşında onu başqa ölkəyə təhsil almağa göndərdim. Mənim üçün ağır oldu. Amma bu bir ana kimi arzum idi.
Tək yaşamağı, öz ayaqları üstə durmağı bacarmalı idi. Bacardım da.

Londonu məhz oğlum orda yaşayanda sevdim. Beş il orda yaşadı. Ortancıl oğlum da eyni məktəbdə təhsil alırdı və onun da Londonu seçəcəyinə əmin idim. Amma olmadı. Onu həm də yay məktəbinə göndərdim, qardaşı kontrol edəcəkdi. Getdi-gəldi ki, bəs mən Amerikada təhsil alacam, ora mənlik deyil. Məyus oldum, amma necə istəyirsən elə olsun dedim. İmtahan verdi və ən yaxşı universitetə qəbul oldu.
Böyük oğlum da Amerikaya köçdü və indi hər ikisi orada yaşayırlar. Amerikanı heç sevə bilmədim. Bir dəfə 1999-cu ildə getdim və sonra getmək istəmədim. Fevralda bir illik viza aldıq. Kiçik oğlumla Novruz bayramını qardaşları ilə Amerikada qeyd edəcəkdi, pandemiyaya görə alınmadı, gedə bilmədik.

İngiltərəyə isə beş illik vizam var. Orda ailəvi dostlarımız yaşayır. Bu vaxtlar oralar çox gözəl olur. Payızı orda daha çox sevirəm. Payız orda çox gözəl olur. Payızın gəlişini Londonda qarşılamağın başqa həzzi var. Heyif ki, indi həyatımızın, arzularımızın kontrolu öz əlimizdə deyil. Sabah nə olacaq bilmirik. Heç evimizdən istədiyimiz vaxt çıxa biləcəyimiz də bizə məlum deyil. Övladlarımla nə vaxt görüşə biləcəyimi də bilmirəm".

Qeyd edək ki, Nura Surinin üç oğlu var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər