Toppuş bacı kimi tanınmış aktrisa Tünzalə Əliyeva Teleqraf.com-un sullarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Tünzalə xanım, pandemiya dövründə səhhətinizi necə qoruyursunuz?
- Mart ayından etibarən evdəyik. Nəinki biz, bütün dünya evə qapandı. Koronavirusdan qorunmaq üçün deyilən qayda-qanunlara əməl edirik. Nə demişdilərsə, hər şeyi etdim. Şükür Allaha, virusa yoluxmadım. İnsanlar özlərini qorusunlar, məsafə saxlasınlar. Xəstəliyimin pandemiya ilə əlaqəsi olmasa da inkişaf edə bilir. Artıq dördüncü dəfədir xərçəng xəstəliyindən əziyyət çəkirəm. Ağ ciyərimdə şiş tapldı və kimyaterapiya aldım, kimyaterapiyadan sonra yaxşılaşma var. Müalicəyə davam edirik.
Güman edirəm ki, bu xəstəliyin də öhdəsindən gələcəm. Böyrək damarım da, limfa düyünlərim də dondurulub. Ağ ciyərim də yaxşılaşar və xəstəliyim bununla bitər.
Milli Onkologiya Mərkəzinin bütün həkimlərinə inanıram və onlara təşəkkür edirəm. Artıq xəstəliklə mübarizədə dördüncü dəfə qayğıma qalırlar. Əlləşirik, vuruşuruq. İnşallah, bunun da öhdəsindən gələrik. Hər gün həkimlərim zəng edirlər. Dualar bizimlə olsun və bütün xəstələr sağalsın.
- Pandemiya müddətində xəstəxanaya gedirsiniz, yoxsa evdə müalicənizə davam edirsiniz?
- Xəstəxanaya getdim, kimyaterapiya qəbul elədim. Hazırda öz evimdə deyil, atamın mənzilindəyəm. Arada qanım çox aşağı düşdü. Mənə bacım baxır. Çalışıram, özümü qoruyum, çox işləməyim. İnşallah, yaxın günlərdə evimə qayıdacam. Ona kimi də dünyamız düzələcək.
Qızım da mənim yanımdadır, bağça açılanda gedəcək. Bağçada qızıma təmənnasız baxırlar. Bacım yanımdadır. Atamın 82 yaşı var, anam rəhmətə gedib. Bacım və qardaşım Gəncədə yaşayırlar.
- Maddi tərəfdən özünüzü necə təmin edirsiniz? Bir müddət əvvəl maddi problemlə üzləşmişdiz. Həyat yoldaşınız da işləmir...
- Bir ildən çoxdur ki, toy mərasimlərinə getmirəm. Mənə yaxın dostlarım maddi kömək etdilər. Şükür Allaha, vəziyyətdən çıxa bilirik. Teatrda işləyirəm, ayın 5-dən işə qayıtmışıq. İnşallah, hər şey yoluna düşəcək. Təki insanlar xəstələnməsin. Maddi sıxıntı hamıda olur və bu bütün dünyada var. İnanıram ki, bunu da keçəcəyik. Hələ ki, yaşamağ ümüdüm var, dolanırıq. Allah hamıya sağlıq qismət eləsin. Əsas odur, dövlətimiz, torpağımnız, insanlarımız sağ olsun, xəstələnməsinlər.
- Sizi yeni mövsümdə hansısa layihədə görəcəyikmi?
- ARB kanalına dəvət almışam və start götürəcəyik. Əli Mirəliyev, Vüsalə Kərimova və mən səhər proqramı aparacağıq. Eləcə də “Baldız” serialında çəkiləcəm. Allaha Dilarə Əliyevanın canını sağ eləsin. Yenə məni nəzərində saxladı. ARB kanalının rəhbərliyinə təşəkkür edirəm. Yeni sezonda təzə uğurlarımız olacaq. Allah təki yaşamağa möhlət, cansağlığı versin. İnşallah, tamaşaçıların qarşısına əvvəlki kimi gülə-gülə çıxacam.