Rəqqasə Fatimə Fətəliyeva yaxın dostu, müğənni Aslan Hüseynovun ölümündən və onun ailəsindən danışıb.
Fatimə Fətəliyeva Teleqraf.com-a açıqlamasında Aslan Hüseynovun ailəsinin pis vəziyyətdə olduğunu deyib.
"Bu gün axşam Aslan Hüseynovun evinə gedəcəyik. Gəncəyə də getmişdik, özümüz də çaş-baş qaldıq, artıq ailəsi Bakıya qayıtmışdı. Sadəcə məzarını ziyarət etdik. Xalasının evinə getdik, orada isə yas mərasimi keçirilmirdi. Hələ ki, həyat yoldaşı Samirə xanımı görməmişəm, zəng etdim, cavab vermədi. Çünki özündə deyil. Atasının da Aslanın ölümündən xəbəri yoxdur. O, Azərbaycan dilini yaxşı bilmir. Haradasa Aslanın şəkilini görüb, deyib ki, şəklini niyə çərçivəyə qoyublar? Atası xəstə idi, bacısı isə reanimasiya şöbəsinə yerləşdirilib", - deyə Fatimə Fətəliyeva bildirib.
Rəqqasə kamaz sürücüsünün ailəsinin Aslan Hüseynovun yaxınlarını axtardığını da bildirib: "Avtomobil ilə toqquşan kamaz sürücüsünün ailəsi Aslanın yaxınlarını axtarıb. Ölüm hadisəsi Aşıq Əlinin obyektinin yaxınlığında baş verib. Aşıq Əli bizə zəng etdi ki, kamaz sürücüsü Aslan Hüseynovun ailəsini axtarır, çox pis olublar. Onun ailəsinə baş sağlığı vermək istəyirlər. Aslan dost kimi çox yaxşı dost idi. Aslan Hüseynovun ölümündən beş gün əvvəl onun evinə getmişdim, anasına görə başsağlığı vermək üçün. Onu boynu bükük vəziyyətdə gördüm. Anasını çox sevirdi və ona uşaq kimi baxırdı. Anası Aslan Moskvaya gedəndə deyib ki, "Bir daha səni görməyəcəm. Düşünürəm ki, axırıncı gördüyüm anlardır. Moskvaya getmə, təqaüd kartını sənə verəcəm". Aslan isə cavab verib ki, necə getməyim, uşaqlarımı ac qoya bilmərəm, təqaüd kartı ilə ailə dolandıra bilmərəm. Aslan anasının yeddi mərasiminin səhəri gün Bakıya gələrkən qəza etdi. Çox fikirli idi. Çox incikli getdi, ona görə ki, sənət dostları ona anasına görə başsağlığı vermədilər. Çox pis olmuşdu, deyirdi ki, başa düşürəm pandemiyadır, gəlib-getməyə çəkinirlər. Amma zəng edib, başsağlığı verə bilərdilər. İnsan yaxınını itirəndə dəstək gözləyir, amma indi hamısı sosial şəbəkədə paylaşır ki, Aslan, sən yaxşı oğlan idin. Onun dostlarına ehtiyacı var idi. Mən yas mərasimində üç-dörd sənət dostundan başqasını görmədim".