Niderland Krallığının Rotterdam şəhərində Avroviziya -2021 mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb.
Teleqraf.com xəbər verir ki, müsabiqənin ikinci yarımfinalında 17 ölkə - San-Marino, Estoniya, Çexiya, Yunanıstan, Avstriya, Polşa, Moldova, İslandiya, Serbiya, Gürcüstan, Albaniya, Portuqaliya, Bolqarıstan, Finlandiya, Latviya, İsveçrə və Danimarka çıxış edir.
Mövcud pandemiya səbəbindən “Avroviziya-2021” müsabiqəsi məhdud sayda – real tutumun 20 faizi qədər tamaşaçının iştirakı ilə keçirilir. COVD-19 testi neqativ çıxan 3500 tamaşaçı müsabiqəni maskasız izləyə bilir.
Sayca 65-ci olan “Avroviziya” mahnı müsabiqəsi ötən il pandemiya səbəbi ilə təxirə salınıb. Təşkilatçılar ötən il baş tutmayan müsabiqənin devizini – “Open Up” (“Açıl”) – bu il də saxlayıblar. “Dövrümüzün ruhunu əks etdirən bu mövzunu seçməyi vacib hesab etdik. Bu şüarla insanları səmimi şəkildə bir-birindən fərqli fikirlərə, bir-birinin hekayələrinə və əlbəttə ki, bir-birinin musiqisinə açıq olmağa dəvət edirik” , – deyə müsabiqənin icraçı prodüseri Sietse Bakker bildirib.
Xatırladaq ki, müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi birinci yarımfinalda səhnəyə 14-cü çıxıb və “Mata Hari” mahnısını ifa edib. Təqdim olunan bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir. Azərbaycan təmsilçisinin ifa etdiyi “Mata Hari” lirik mahnısı Birinci Dünya müharibəsində casus kimi günahlandırılan niderlandlı ekzotik rəqqas Mata Harinin həyatından bəhs edir. Səsvermənin nəticələrinə əsasən müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi finala vəsiqə qazanıb.
Qeyd edək ki, müsabiqənin final yarışması mayın 22-də keçiriləcək.