“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsinin xüsusi qonağı xalq artisti Röya Ayxan olub.
Teleqraf.com xəbər verir ki, müğənni düşərgənin ikinci günündə şəhid övladları ilə bir araya gəlib.
Lənkəranda baş tutan görüşün sonunda Röya Ayxan konsert proqramı ilə çıxış edib, onlarla birgə mahnılarını ifa edib.
Qeyd edək ki, düşərgənin beşinci həftəsi şəhidlərimizin 12-14 yaş kateqoriyasında olan övladlarını əhatə edir.
Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı şəkildə həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Psixoloqlar onlara art və rəqs terapiyaları keçəcəklər. 2021-ci ilin 12 iyul tarixindən şəhid övladları üçün başlayan yay düşərgələri avqust ayının sonuna qədər davam edəcək.
Ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcəkdir.