Xəzər Televiziyasının rəhbəri Murad Dadaşov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Murad müəllim, Mir Cəlal Paşayevin “Nazik mətləb” və “İnsanlıq fəlsəfəsi” hekayələrinin motivləri əsasında çəkilən “Nazik mətləb” filminin qala gecəsinə gəlmisiniz. Filmdən gözləntiləriniz nələrdir?
- Film çox anons olunub. Maraqlı əsərin improviziyasını gözləyirəm. Bilirəm ki, peşəkarcasına yanaşama var. Filmin istehsalatı kinonun bütün qaydalarına uyğun olaraq hazırlanıb. Hamı kimi səbrsizliklə filmi gözləyirəm.
- Rəhbəri olduğunuz Xəzər televiziyasında işləriniz necə gedir? Yeni layihələr təqdim edirsiniz. Qarşıda hansı planlar var?
- Şükür Allaha, telekanalda işlərimiz yaxşıdır. Pandemiyadan təzə çıxırıq. Yeni layihələr üçün mütləq tamaşaçı lazımdır. Ona görə də ümidvaram ki, yavaş-yavaş həm reklam bazarımıza qayıdaq, həm də layihələrimizi yeniləyək.
Amma əsas dəyişiklikləri yeni televiziya sezonunda edəcəyik. Kanalda bərpa işləri aparırıq, telekanal dəyişir. Yenilənmiş Xəzər televiziyası 15 illiyini gələn il yeni formatda qarşılayacaq, inşallah.
- Murad müəllim, Xəzər televiziyasında dəyişikliklər etdiniz, bir çox verilişlər bağlandı, yeni aparıcılar dəvət etdiniz. Bu telekanalın reytinqinə nə dərəcədə təsir etdi?
- Bu, kanalın reytinqinə təsir etdi. Deyək ki, tamaşaçı auditoriyasını itirdik, xeyr. Xəzər televiziyası yenə də öz liderliyini qoruyub saxlamaqdadır. Nisbətən birinci-ikinci yerləri hələ də bölüşürük. Bilirsiniz, söhbət reytinqdən yox, kanalın nüfuzundan, səviyyəsindən gedir. Nədənsə düşünürük ki, televiziyaya baxanlar müəyyən qism insanlardır, xeyr. Ola bilsin, böyük qism insanlar televiziyaya baxır və müəyyən verilişləri qəbul edir və bəyənir.
Amma biz ümumi tamaşaçı kütləsini düşünməliyik, o adamları ki, kanallardan müəyyən dövrdə küsüblər. Bu da poblemdi və onu aradan götürməliyik. Mənim bu gün rəqibim yerli kanallar deyil və əminəm ki, həmkarlarım da eyni fikirdədir. Bizim bu gün rəqiblərimiz xarici kanallardır. Biz hamımız bir cəbhə kimi çıxış edirik. Azərbaycan televiziya tamaşaçısını yenidən öz ekranlarımıza qaytarmaq fikrindəyik. Bunun üçün hazırkı tamaşaçımız zövqlü, savadlı insanlardır.
Tamaşaçı indi verilişləri seçə bilir, iki-üç dildə danışır. Ona görə də rahatlıqla istənilən kanalın verilişlərinə baxa bilir. Bu bizim işimizi daha da mürəkkəbləşdirir. Eyni zamanda işləməliyik, başqa yolumuz yoxdur. Çalışmalıyıq ki, xarici həmkarlarımızdan da daha maraqlı olaq. Düzdür, bu, çox çətin məsələdir.
Müasir Azərbaycan televiziyasının tarixçəsi o qədər böyük deyil. Biz bu sahədə gəncik və bu sektora yeni girmişik. Bu sektor xüsusi xərc tələb edir. Zövqə və orijinala oxşamaq lazımdır. Bu gün tamaşaçı televizya ilə yanaşı, yutuba, "Netflix" platformasına da baxır. Mənə həmişə deyirlər ki, internet televiziyası daha çox izlənilir. Cavab verirəm ki, dostlar, internet və adi antena kanalı fərq etməz, əsas məsələ məhsuldan gedir. Məhsul maraqlı olmalıdır.
Söhbət kadr çatışmazlığından gedir. Bəlkə də aparıcı var, amma redaktor, çatışmayan kadr və ya müəlliflər yoxdur...