2 Sentyabr 2022 21:41
3 932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Bəhram Bağırzadə Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Bəhram müəllim, sentyabrın 4-də 50 yaşınızı qeyd edəcəksiniz. Yubiley təəssüratlarınızı necədir?

- Özümü daxilən 18 yaşda hiss edirəm. Fiziki olaraq 50 yaşım tamam olur.

- Ömrün yarısıdır, bu illər necə keçib?

- İllərim əla keçib. Düzdür, həyatda problemlər də, xoş hadisələr də olur, amma ümumi götürəndə Allah məni yaradıb, hər gün ona dua edir, çox sağ ol deyir, zikr edirəm. Uşaq vaxtı iman, ibadət, təvəkkül sözlərini bilmirdim, amma inamım güclü idi və Allaha güvənirdim. Həmişə də gecələr oyanıb, Allaha dua edirdim ki, sabah imtahan verəcəm, pis qiymət almayım. Yaşın üzərinə yaş gəldikcə oxudum, təhsil aldım, savadımı genişləndirdim, "Quran" kitabını oxudum. İndi başa düşürəm ki, Allaha təvəkkül edə-edə yaşamışam. İki il başıma gələn hadisədən sonra imanım daha da güclənib. Çünki Allah məni bu dünyaya göndərdi. Yuxarıda Allah, aşağıda isə cənab prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mənə dəstək oldu, ailəmi tək qoymadılar. Millətimizin, anamın, bacımın duaları, həyat yoldaşımın çevik olması məni bu həyata bağladı. Bunlar hamısı zəncirvari bağlıdır.

- Özünüzü xoşbəxt hiss edirsiniz?

- Bəli, özümü xoşbəxt hiss edirəm. Əvvəl düşünürdüm ki, yalnız dəli deyə bilər ki, xoşbəxtəm. Amma indi deyirəm ki, tam xoşbəxtəm. Düşünürəm ki, yəqin mən dəliyəm. İndi mən xoşbəxtəm! Əgər on milyonluq respublikada insanların 80-90 faizi mənim üçün dua edirdisə, deməli bu, böyük xoşbəxtlikdir.



- Allaha daha çox nə üçün şükür edirsiniz?

- Hər şeyə görə... Nəfəs almağıma, görməyimə, dad hiss edə bilməyimə, eşitməyimə, hərəkətdə, sağlam olduğuma görə şükür edirəm. İnanın ki, o dünyadan qayıtdıqdan - komadan ayıldıqdan sonra gözümün qabağına nə qızıl medal, nə də pul, nə "Əsrin çempionu", nə görüşlər, nə vəzifə gəlirdi.

Deyirdim ki, Allahım, sağalım, evimə gedim, mətbəxdə çay süzüm, başqa heç nə istəmirəm. Ona görə də bundan sonra ancaq Allahdan can sağlığı istəyirəm, tək özüm üçün deyil, ətrafımda olan bütün insanlar, millətim, hətta düşmənim üçün də... Düşmən də sağlam olmalıdır. Düşmən sağlam olmayanda onunla danışmaq olmur. Ağıllı və sağlam insanla danışmaq asandır.

- Sizin üçün 50 yaşın söz və rəng çalarları nələrdir?

- Baxır hansı mühitdəyəm... sevdiyim rəng sarı rəngdir, amma az olanda. Mavi, yaşıl rəng ürəyimi açır. Ən sevdiyimsə qaradır. Qara rənglə bütün rənglərin ahəngini verə bilərsən. Bu rəng bizdə pis qəbul edilir, ölüm, faciə rəngi kimi... Ağ rəngdən qaçıram. Ağ rəng məndə panik atak yaradır. Ofisimdə divarlar bozdur. Boz rəng məndə məhsuldarlığı artırır, işləmək istəyirəm.

50 yaşın sözü isə sağlam olmaqdır. Bundan sonra ancaq sağlam olum. Çünki 20 yaşına kimi insan təhsil almalı, 30 yaşına qədər evlənməli, 40 yaşına qədər isə pul qazanmalısan. Bunları edə bilmisənsə, 50 yaşdan sonra ancaq Allahdan can sağlığı istəməlisən. Elm, savad, ailə, pulu qazanmısan, Allahdan can sağlığı arzu edirsən ki, onları həyata keçirə biləsən.

- Qeyd etdiklərinizin hamısını qazanmısınız?

- Bəli.

- Pulunuz çoxdur?

- Pulum çox deyil, amma mənə bəs edir. Mən o iddialarla yaşamamışam ki, 100 minlik avtomobilim, 1 milyonluq bağ evim olsun. Belə bir deyin var: "Varlı insan o insandır ki, yaşamaq üçün hər şeyi çatır". Əgər bu gün bir çay alıb içə bilirəmsə, bu, var-dövlətimdir. Çay istəmişəm, almışamsa, deməli var-dövlətliyəm, ruzim çatır. Allah hamıya ruzi verir, amma bərəkəti hər adama vermir. Elə adam var ki, 100 manata hər şey edir, eləsi də var ki, heç nəyi çatdıra bilmir. 100 manata hər şey edən adam var-dövlətli insandır. Heç vaxt varlı olmaq istəməmişəm. Rahat yaşamaq istəyirəm. Rahat yatım, rahat durum, bacımla rahat görüşə gəlim.


- Biznesiniz var?

- Mənim intellektual biznes sahəm var, şirkətlər var ki, mənə müraciət edirlər və onlar üçün layihələr yazıram. Zavodum, fabrikim, kafe-restoranım, obyektim yoxdur. Ancaq beynimin məhsulu ilə pul qazanıram.

- Yersiz susmaq məcburiyyətində qalmısınız?

- Son vaxtlar susuram, danışmıram. Bloger kimi video çəkəndə də susuram, fikrimi ancaq gözlərimlə, baxışlarımla ifadə edirəm. Ümumiyyətlə, kişi az danışmalıdır. Yəni iş görüb, az danışmalıdır. Ətrafındakı insanlar onun haqqında danışmalıdır ki, filan işi gördü. Əsl kişi danışmaz, susar.

- "50 yaş, insaf elə, əlimdə..." Bu ifadəni necə tamamlayarsınız?

- Rahat həyat istəyirəm. Yəhudilərin belə bir sözü var, osim haim (əylən). Məsələn, 60 yaşlı qadın kafedə kofe içir, ona zəng edirlər, cavab verir ki, həyatdan həzz alıram. Kredit verib-almaq lazımsızdır, pul qazanmaq, uşaqları yerbəyer eləmək, toyunu etmək də lazım deyil. Hamısını eləmisən, rahat gəlib oturub, kafedə kofe içirsən, osim haim. Bundan sonra həyatdan həzz almaq istəyirəm, çünki çox yorulmuşam, yoruluram. Dekabrın 31-də Boris Yeltsin ölkə vətəndaşlarının qabağına çıxdı və dedi ki, "Mən gedirəm, çünki yorulmuşam". Mən də çox yorğunam, öz sahəmdə 30 ildən çox işləmişəm.

- Səhnə üçün darıxmırsınız? Son illər "Planet Parni iz Baku" KVN Teatrının konsertlərində iştirak etmirsiniz...

- Bəli, iki ildir ki, "Planet Parni iz Baku"nun konsertlərində iştirak eləmirəm. Allaha inanan insan heç vaxt darıxmır. İşlər çoxdur, səhnədən yorulmuşam. O qədər işlər var ki, sabah fermada da işləyə bilərəm. İşdən çox iş var. Yaradıcı insan özünə hər cür iş tapır, vacib deyil ki, həmişə səhnədə olasan. Bir də gördünüz ki, Bəhram Bağırzadə iki ildən sonra gül biznesi ilə məşğul olur, öz əkdiyi gülləri satır. Yaxud da babamın kəndi Basqala köçdüm və orada ferma açdım. Əgər insan həyatını dəyişməyi bacarırsa, yaxşı menecerdirsə, o, hər şeyi bacarar. Əsas odur ki, işi sevəsən. İnsan sevməyi bacaranda hər şeyə qadirdir. Mən də sevirəm.

- Ömrün hansı illərini vərəqləmək istəməzsiniz?

- 1990-cı illəri vərəqləmək istəməzdim. O illər getsin qayıtmasın. 1990-cı illərdə baş verən 20 Yanvar faciəsi Azərbaycanın ən ağır günləri idi. Hər şey 1993-cü ildən sonra dəyişdi. Amma insanların səmimiyyəti, dostluğu, insanların insan olmasına görə 1970-ci illərə qayıtmasını istərdim. 1990-1992-ci illərin qayıtmasını istəməzdim. Mənim üçün ən ağır illər olub, faciə, ölüm... 20 Yanvar faciəsi, dostlarımın tank altında dünyasını dəyişməsi... Hamısı gözümün qabağında olub.

- Bəhram müəllim, daim şəxsi həyatınızı mətbuatdan uzaq tutursunuz. İki övladınız var. Onlar haqda məlumat verməyinizi istərdik...

- Bəli, şükür Allaha övladlarım tərbiyəli uşaqlardır. Yaxın günlərdə övladlarımın ad günü oldu, onları da təbrik edirəm. Qızım Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alır. Oğlum isə gələcəyin cərrahı olacaq, xaricdə təhsil alır. Çox istərdim ki, oğlum Azərbaycana qayıtsın və ölkəmizdə gələcəkdə savadlı cərrahlara ehtiyac duyulacaq.

Bu günə kimi nə pul qazanmışamsa, o kapitalı övladlarımın təhsilinə xərcləmişəm. Bu gün rahatam ki, onlar yüksək səviyyədə təhsil alırlar. Qızım memar, oğlum isə həkim olacaq. Ən maraqlısı odur ki, atam memar, anam isə həkim olmağımı istəyirdi. Məndə alınmadı, övladlarımda arzuları reallaşdı.

- Bir neçə gün öncə "İrəvan" adlı kitabınızı təqdim etdiniz. Kitabın ideyası haradan yarandı?

- Bəli, "İrəvan" adlı kitabımın təqdimatı baş tutdu. Təqdimat zamanı Bakının mərkəzindən xain qonşularımıza "salam" göndərdim, erməni kilsəsinin qarşısından...

- Kitab imzalanması üçün niyə məhz kilsənin önünü seçdiniz?

- Çünki onlara göstərmək istəyirdim ki, biz azərbaycanlılar sizin kilsənizi qoruyub-saxlamışıq. Amma siz bizim karvansaraylarımızı, məscidlərimizi, binalarımızı söküb-dağıtmısınız. Kim tolerant millətdir?! Əlbəttə ki, azərbaycanlılar! Yəni məkan simvolik idi.

- Niyə məhz bu kitabları tarixçilər yox, siz yazırsınız?

- Çünki tarixçilər, naşirlər bunu etmirlər. Həmin problemlə üzləşdim, 12-13 il əvvəl, eləcə də övladlarım birinci sinfə gedəndə kitablar tapmadım, Moskvadan gətirməli oldum. Mən başqa ölkələrdən kitablar gətirməkdən yoruldum. Qərara gəldim ki, uşaqlar üçün kitab nəşr etdirim. Niyə də yox?!

Çünki ilk işim mətbəədə olub, kitab, kağız daşımışam. Mətbəə işini bildiyimə görə, bu, məndə rahat alındı. Nəşriyyatda da işləmişəm. Artıq 114 kitabım çıxıb. Kitablarım uşaqlar üçündür. Kim istəyirsə, bu işlə məşğul olsun. Kim mənə irad tutursa, edərdiniz. Niyə vaxtında etməmisiniz? Mənim bu addımım alqışlanır, dəstək olunur. Ona görə də dostlarıma təşəkkür edirəm ki, mənə kitablarımı nəşr etmək üçün şərait yaradırlar. Onlar çox mötəbər insanlardırlar.



- Siyasətlə bağlı fikriniz dəyişib?

- Xeyr. Heç vaxt siyasətə gəlmək fikrim yoxdur. Əgər mənə qarğış etmək istəyirsinizsə, deyin, millət vəkili, mer ol, vəzifəyə get. Mən azad insanam. Azad insan ola-ola millətim üçün daha çox işlər görə bilərəm, nəinki hansısa vəzifədə otursam. Arzu edirəm ki, mənim yüz illiyimdə məndən müsahibəni siz götürəsiniz.

- Məmnuniyyətlə, vaxt ayırdığınız üçün çox sağ olun...

FOTO: Elmin Zahidzadə






Müəllif: Rəqsanə Həsənova