Məşhur türk müğənnisi Özcan Deniz Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, sənətçi Bakı haqda təəssüratlarını bölüşüb.
"Bakıya ikinci dəfə gəlirəm. Aradan on il keçib, az zaman deyil. Bu müddət ərzində musiqidən uzaqlaşdım və sadəcə aktyorluq sənəti ilə məşğul oldum. Filmlərin qala gecələrində bir araya gəlmişik. Bakı mənim, sənət dostlarım, 80 milyonluq Türkiyə üçün ikinci evdir. Ona görə özümü burada yad hiss etmədim. Hər gəldiyimdə Azərbaycanın bu qədər güclənməsi, böyüməsi qürurvericidir".
Həyat yoldaşı Feyza Aktandan ayrılan ifaçı səhnədə etirafı ilə də diqqət çəkib: "Dərd çəkərək xoşbəxt olan insanlar var. Onlar həyatınızdan çıxarkən "Haqqım halal olsun, yetər ki, məndən uzaq, Allaha yaxın ol deyirsiniz". Yaxşı edirsiniz... Sizə xoş gəlməyən hər şeydən uzaq durun. Bu, çox pis haldır, sevgi yaşa, ömrünü ver və elə bir an gəlir, deyir ki, məndən uzaq ol".
Özcan Deniz Bakıda oğluna verilən hədiyyələrdən də danışıb: "Bakıdan həmişə əlidolu qayıdıram, vaxtilə burada pərəstişkarlarımız sanki oğlum olacaq deyə çoxlu paltar hədiyyə etmişdilər. Onları saxladım və 6 il sonra doğulan oğluma geyindirdim".
Özcan Deniz karyerasının ilk illərində "Beni affet" (Neredesin Firuze) mahnısını həsr etdiyi xanımdan da danışıb: "1991-ci ildə televiziyaya çıxdım və o zaman ekrana çıxmaq çox çətin idi. Düşündüm ki, səhəri gün hər kəs üzərimə gələcək, tanıyacaq, küçədə pərəstişkarlar əhatəsində rahat gəzə bilməyəcəm. Elə bir hal olmadı. Kasetlər satılan mağaya gəldim, heç kim mənə yaxınlaşmadı. Axşam saatlarına yaxın bir ağ libas geyinən gözəl qadın gəldi, o zaman 19-20 yaşında idim. Mənə dedi ki, Özcan Deniz sizsiniz? Cavab verdim ki, bəli. İmzalı kasetimi istədi. Adını soruşdum. Adının Firuzə olduğunu və Sezen Aksunun "Firuze" mahnısını ona yazıldığını dedi.
Sonra dedi ki, Kiprdə düymə fabriki olan bir kişinin həyat yoldaşıdır, o, vəfat etdikdən sonra fabriki satıb. Pulunu isə haraya sərmayə qoyacağını düşünür. Mağaza rəhbərinə dedi ki, "Özcan Dənizi ötən gün televiziyada izlədim və qərar verdim ki, bütün pulumu bu gəncə sərf edəcəm". Qadın həqiqətən də hər yerə zəng etməyə başladı. Banka zəng etdi ki, Özcan Deniz gələcək, ona bank hesabından pul verin. Başqa yerə zəng edib deyir ki, Özcan Deniz gələcək, villanı təmizləyin, orada yaşayacaq. Baş verənlərə inana bilmirdim... "Limuzin" sifariş edir. Bizə dedi ki, bir həftə sonra gələcək, getdi. Biz bir həftə müddətində xəyallar qurduq.
Əvvəl pis çıxmasın deyə banka da getmədik. Bir həftə sonra banka getdik, gördük ki, elə bir bank yoxdur. Yalan imiş. Sonradan bildik ki, qadın şizofreniya xəstəsi imiş. Zəng etdiyi insanlar isə xəstəxanadan dostları imiş. Bizə heç nə vermədi, amma əslində çox şey verdi. Həmin bir həftə müddətində nə xəyallar qurmuşdumsa, zamanla hamısı reallaşdı. Ona görə də insanlara nə qədər ümid verdiyinin fərqində olduğunu və heç kimin ümidini qırmamaq şərtilə çox gözəl anlatan hekayədir. Bu haqda film də çəkdik: "Neredesin Firuze". Qadını tapsam öpüb deyəcəm ki, Allah sizdən razı olsun. Amma qadını tapa bilmədik. Əgər həyatdadırsa, yaşayırsa, inşallah ki, xoşbəxtdir, sağlamdır".
Konsert "Anadolu Events"in təşkilatçılığı ilə baş tutub.
Konsertdə şirkətin rəhbəri Eyyub Hüseynzadə Özcan Denizə xalça hədiyyə edib.