Əməkdar artist Nahidə Orucova mərhum xalq artisti Gülşən Qurbanovanın ölümündəm sonra yayılan şayiələrə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Nahidə Orucova ARB televiziyasında bu sözləri deyib: "Ölümü hamımıza təsir elədi. Yalan söhbətdir ki, Gülşən xanım qəbirdə dirildi, çevrildi, qəbrini cırmaqladı. Elə şey olmayıb. O, rəfiqəsi gildə qalıb, evini təmir elətdirirdi. Rəhmətə gedəndə onu o tərəfə, bu tərəfə çevirdik. Kürəyində də bir yara var idi. Ürəyindən ölmüşdü, ölümü gözümüzün qabağında idi. Ona görə heç kimin ixtiyarı yoxdur ki, Gülşən xanım haqqında bu sözləri danışsın.
Çox gözəl insan, gözəl rəfiqə idi. Kimin nə işi var idi, kömək etməyə çalışardı. Baxmayaraq bir sənətdə idik. Deyirlər ki, sənətdə qısqanclıq olur, rəfiqəlik olmur".
Nahidə Orucova Gülşən Qurbanovanın ölümünü öncədən hiss etdiyi deyib: "Uzun müddət nəvəsi olmadı. Nəvəsinin qırxı çıxmamışdı, zəng etdi ki, onun üçün məclis təşkil edir. Dedim ki, hələ uşağın qırxı çıxmayıb. Cavab verdi ki, birdən çatmaram. Hər şeyə tələsirdi.
Uşağın 40 mərasimini gözəl qeyd etdik. Ölümünə yaxın idi. Hacıbaba Bağırovun yas mərasimi idi. Onun yasında şorqoğaldan yeyəndə dedi ki, mənim yasımda da bundan yeyərsiniz. Bu halvadan, aşdan bişirərsiniz. Sanki öləcəyini hiss edirdi. Ümumiyyətlə, deyirlər ki, insan öz ölümünü hiss edir. O doğrudan da hiss edirdi. Həmişə deyirdi ki, məni özüm kimi gülə-gülə yada salarsınız".
Nahidə Orucova mərhum aktrisanın qadın kimi xoşbəxt olmadığını deyib: "İnsan tək qalanda özünə çox qapanır. Şəxsi həyatında xoşbəxt qadın olmayıb. Ona görə hər zaman deyirdi ki, sevgi istəyir".