Əməkdar artist Natiq Nuriyevlə bağlı iddialara həyat yoldaşı Elnarə Nuriyeva cavab verib.
Elnarə Nuriyeva Teleqraf.com-a açıqlamasında yayılan məlumatı təkzib edib:
“Natiq müəllimin səhhətində problem yaranıb. O, yüksək təzyiqdən əziyyət çəkir. Ümumiyyətlə, ona əsəbləşmək olmaz. Elgiz Əkbər dünən Natiqə zəng etdi, o, yuxudan təzəcə oyanmışdı. Dedi ki, xəbərlər görsən inanma, özün də hirslənmə, mən belə bir söz deməmişəm. Sonra saytda oxudum və gördüm ki, Elgiz Əkbər İnstaqramda Natiq Nuriyev haqqında şərh yazıb.
Müğənni Vüqar Muradov isə dedib ki, guya müğənni Elçin Cəlilovu pis yola Natiq çəkib. Üstəlik aktyor Rəhman Rəhmanovun oğlu Emili də narkotikə qurşandıran Natiq Nuriyev olub. Bu dəqiqə Rəhman müəllimlə danışırdım, yazıq deyir ki, mən elə bir söz deməmişəm. Natiq həyatı boyu elə bir şey etməz.
Vüqar Muradov deyib ki, Elçin Cəfərov çoxlu pul qazandığına görə Natiq guya ona paxıllıq edib və bu yola çəkib. Mən onlara sual vermək istəyirəm ki, Elçin o vaxt pul qazananda Natiq pul qazanmırdı? Natiq evə pulu kisə ilə gətirib. Əlinə skripka alandan pul qazanıb. İndi yaşlanıb, efirlərə çox çıxmır, toylara getmir. İki övlad böyüdüb, ali təhsil verib. Övladlarımızın ikisi də dövlət işində çalışırlar. Natiq əsəbləşir ki, insanın adını bu cür hallandırmaq olar?!
Vüqar efirdə Natiqi kaftar adlandırıb və ölüm arzulayıb. Hamı öləcək, amma heç kim bilmir ki, necə öləcək".
Qeyd edək ki, müğənni Vüqar Muradov ötən gün "Elgizlə izlə" verilişində mərhum ifaçı Elçin Cəfərovu narkomaniyaya qurşandıranın bir Xalq artisti olduğunu açıqlayıb. Daha sonra isə aparıcı Elgiz Əkbər bu şəxsin Əməkdar artist Natiq Nuriyev olduğunu bildirib. Məsələdə əməkdar artist Rəhman Rəhmanovun da adı hallanıb. Onun oğlu Emili narkotikə quraşdıranın Natiq Nuriyev olduğunu deyiblər.