Aktyor Corc Qafarov özünün də rol aldığı İkinci Qarabağ müharibəsinə həsr olunmuş filmin çəkilişlərinin baş tutmadığını iddia edib.
Teleqraf.com xəbər verir ki, bu barədə sənətçi instaqramda yazıb.
Corc bildirib ki, buna səbəb yüksək miqdarda pulların yeyilməsidir:
““Milyonlarla büdcə” - filmin adı... Bu kadrlar çəkilişə hazırlıq prosesidir və təlimdir. Keçən il, 2-ci Qarabağ müharibəsinə həsr olunmuş, ən əsası zəfərimizlə bağlı böyük bir film çəkilməli idi. Çəkilmədi, çünki böyük miqdarda pullar yeyildi. Kim yedi, necə yedi - orasını yalan deyərəm. Hələ bizə ayrılan biabırçı qonorardan danışmıram. Mən öz
şəxsimə danışıram ki, o çəkilişə pula görə yox, özümə borc bilib razılıq verdim. Təlimlərə yola düşdük, 1 aya yaxın orada sözün əsl mənasında yaşadıq. Təlimlərdə ayağımız, əllərimiz yara olmuşdu. Bundan şikayətçi deyiləm, əksinə, həzz alıram. Amma yanımızda olmalı idiniz və bütün aktyorlara qulluq etməli idiniz, etmədiniz. Bu əziyyətə görə az miqdarda olan qonorara razılıq vermişdiksə, maddi tərəfdən yaramırsınızsa, heç olmasa mənəvi tərəfdən yarayardınız.
Mən vicdanlı olanlar tərəfindənəm, pul yeyənlər tərəfindən deyil. Dünyaya işıq saçan insanlar tərəfindənəm. Nə edirəmsə, təmiz iş görürəm. İşimə, həyatıma sizin kimi keyfiyyətsiz adamların bir ömrü dəyməz. Mənim kimdənsə nə qorxacağım, nə də çəkinəcəyim yoxdur. Bu mətni yazdım ki, gec deyil, ayılın və vicdanlı olun, işinizlə düzgün məşğul olun. Azərbaycan incəsənətinə ləkə salanlar, ümid edirəm, bir-bir təmizlənərsiniz! Buna əminəm, geci-tezi var".