Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur cütlüyü Neslihan Atagül həyat yoldaşı, aktyor Kadir Doğulu ilə Bakıda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrlə görüşüblər.
Teleqraf.com xəbər verir ki, Nəslihan Atagül Bakı haqda təəssürarlarını bölüşüb: "Bu, ikinci səfərimdir, Bakıya dörd-beş il əvvəl də gəlmişdim. O zaman da, indi də çox gözəl qarşıladınız. Çox sağ olun".
Aktrisa sənət fəaliyyətindən də danışıb: "Hər hansı bir xarakteri canlandırarkən özümü hər şeydən uzaqlaşdırıb, işimə tamamilə adaptasiya oluram. Obrazın haqqını vermək üçün hərəkət edirəm. Bilirsiniz ki, niyə aktrisa olmaq istədim? İlk zamanlar özümdən uzaqlaşmaq üçün. Çünki rahat uşaqlıq illəri yaşamırdım, dərdimi deyə və özümü ifadə edə bilmirdim. Daxilimdə fırtına qopur, amma edə bilmirəm, kimsə məni başa düşmür.
Düşündüm ki, yaşadıqlarım normal deyil. Mən özümdən uzaqlaşım və başqa işlər görən kimi davranım. İlk olaraq aktyorluq fəaliyyətinə belə başladım. Gördüm ki, aktyorluq məni özümdən uzaqlaşdırır.
Eləcə də oynadığım obraza haqq verməsəm onu canlandıra bilmirəm. Aktyorluq sənəti məni təzədən özümə yaxınlaşdırdı. Özümə yaxınlaşdıqca insanlara isinişə bildim. İnsanları anlamağı bacardım. Çünki oynadığım xarakterlər kimi onlara da haqq qazandırırdım..."