3 May 2023 18:13
1 759
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avroviziya 2016" təmsilçimiz Səmra Rəhimli məkanların birində media nümayəndələri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Səmra Rəhimli "Formula 1 Azərbaycan Qran Prisi 2023" səhnəsində çıxışı haqqında danışıb: "Formula1-dəki konsertimə bir ay müddətində hazırlıq məşqləri etdim. Rəqqaslarımız Ukraynadan gəlmişdi. Rəqsləri hazırladılar və sonra Bakıya gəldilər. Səkkiz rəqqas, bir xoreoqraf idi. Üç gün ərzində rəqslərin hamısını öyrəndim. Dörd gün bütün konsert proqramın gedişatı ilə bağlı əlavə məşqlər etdik. Anam İlahə xanımın sayəsində konsert uğurlu keçdi".

İfaçı bildirib ki, səhnədə həyacan keçirməyib: "Heç vaxt səhnəyə çıxanda həyacanlanmıram. Nə "Avroviziya" yarışmasında, nə də Formula 1-in səhnəsində həyacan keçirdim. Səhnədə özümü öz qabımda hiss edirəm. Buna özgüvən deyim. Anam mənim əvəzimə daha çox həyacan keçirirdi. Səhnə öncəsi anam mənə yaxınlaşdı. Ona dedim ki, indi ağlayacaqsan, keç bu tərəfə... Yoxsa səhnə öncəsi emosional hisslər keçirəcəm".

Müğənni konsertində geyindiyi açıq-saçıq geyiminin tənqid edilməsindən də söz açıb: "Geyimimi bəyənənlər də oldu, tənqid edənlər də. Çalışdıq ki, geyimlərdə və səhnə performasımda xarici ulduzlardan geri qalmayaq. Səhnə geyimlərimin müəllifi anamdır. Bilirsiniz ki, tənqidlərə heç vaxt reaksiya vermirəm. Tənqid eləsinlər.

Kristina Agilera, Kardi B, Kris Braun və Tarkan kimi məşhurların Bakıda illər əvvəl keçirilən Formula 1-də çıxışlarını izləmişəm. Düşündüm ki, mən də o səviyyədə səhnə şousu göstərməliyəm. Bunun üçün isə böyük məsuliyyətim var idi. Özüm-özümə dedim ki, aşağı nəticə göstərməməliyəm".

Səmra yarışdakı konsertindən aldığı qonorarını açıqlamaqdan imtina edib: "Qonorar məsələsi haqda danışa bilməyəcəm. Mənim yerimdə hər kəs olmaq istərdi. Bütün potensialımı səhnədə nümayiş etdirdim".

İfaçının anası İlahə Rəhimli isə qızının çıxışı ilə bağlı bu sözləri deyib: "Bu işə qol qoyanda qonorar haqqında düşünmədik. Dəvət edəndə bu işığı qızım Səmrada görüblərsə, böyük məsuliyyətdir. Səmranın orada olması və səhnədə o cür yüksək perfomans sərgiləməsi təqdirəlayiq idi. Geyimlərə gəldikdə, müəyyən səbəblərə görə bir neçə dəfə dəyişməli olduq. Çox az vaxrımız vardı. Həm rəqqasların, həm də Səmranın libaslarının müəllifi özüməm. Libasların rəngləri yarışın rəngləri ilə uyğun idi. Hətta işıq və dekorasiya rəngləri ilə də..."

Səmra Rəhimli anası ilə münasibəti haqqında da danışarkən deyib: "Mənə anam uşaqlıqdan dəstəkdir. Valideyin övladına dəstək olanda özünü daha güclü hiss edirsən. Hər zaman mənə arxa-dayaqdır. Məktəbdə də nəsə olanda deyirdim ki, "sizə nə var, anam bilir". O, mənə hər zaman güc verib. Anama güvənirəm. Əminəm ki, mənə nə yalansa danışa bilər, keyfiyyətsiz iş görməz. Mənim daha uğurlu olmağım üçün əlindən gələni edir. Başqa bir insanlar çalışsaydım, öz mənafeyini güdəcəkdi. Şəxsi həyatım haqda deyil, karyeram barədə düşünürəm".

Səmra Rəhimli "Avroviziya"da çıxış edən xanım həmkarlarının evlənməsinə də münasibət bildirib: "Hər insanın öz qisməti var. Heç vaxt demirəm ki, kaş belə etsəydim... Heç vaxt seçimlərimdən peşman olmuram. Hər kəsin öz düşüncə tərzi, öz məqsədi var".


Müəllif: Foto: Elnur Muxtar, Rəqsanə Həsənova

Oxşar xəbərlər