14 Sentyabr 2023 09:23
2 919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Ülviyyə Əliyeva Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ülviyyə xanım, yeni televiziya mövsümündə MTV Azərbaycan kanalında “Qırmızı çamadan” verilişi ilə fəaliyyətə başladınız.

- Bəli, MTV Azərbaycanda “Qırmızı çamadan” verilişi ilə fəaliyyətə başladım. Yeddi il “Zəhmetkeş ulduzlar” verilişini aparmışam. 2018-ci ildə ailə həyatı qurduğuma görə verilişdən uzaqlaşdım. O zaman əhd etdim ki, torpaqlarımız işğaldan azad edilsin, orada yenidən çəkiliş edəcəm. Allaha çox şükür ki, əhdim yerinə yetdi.

Verilişimin ilk buraxılışı Laçında çəkildi. Proqram həftədə bir dəfə bazar günü MTV Azərbaycan kanalında 19:00-da yayımlanacaq. Çəkiliş zamanı Laçına ikinci səfərim idi. Çox xoşbəxt idim, bu hissi yaşayanlar bilər, dillə ifadə etmək çətindir.

Laçın şəhəri günü ilə bağlı avqustun 26-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi ilə dövlət tədbirində iştirak etdik. Orada “Arşın mal alan” tamaşasını oynadıq. Tamaşada Telli obrazını canlandırıram.

Laçına ilk dəfə getməyimə baxmayaraq sanki ömür boyu orada yaşamışam. Verilişimizin ikinci buraxılışı da Laçınla bağlıdır. Bilirsiniz ki, orada çoxlu abadlıq işləri görülür.

- Hazırda Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayevlə münasibətiniz necədir? Bir müddət əvvəl problem yaşamışdınız. Teatr mövsümü başladı, yeni tamaşalarda rol almısınızmı?

- Münasibətimiz elə də qalıb. Teatrda “Adamın adamı” tamaşası yenidən qurulur. Yenə də Xədicə obrazını oynayıram. Uzun illər bu tamaşada oynamışam. Tamaşada əməkdar artist Dilarə Əliyeva da rol alıb.

- Siz Kukla Teatrının tamaşalarında rol alırsınız...

- Bəli, Kukla teatrında sentyabrın 15-də ad günümdə “Melisa” tamaşasının möhtəşəm premyerası olacaq. Kukla tamaşası olmasına baxmayaraq dramatikdir.Altı-yeddi yaşından yuxarı uşaqlar gəlib baxa bilərlər. İnşallah, hamını tamaşaya dəvət edirəm. Gəlin, ad günümü birlikdə qeyd edək.

Orada tamaşaçılar məni tamamilə başqa səpkidə görəcəklər. "Melisa"da uşaqlar üçün çoxlu örnəklər var, tamaşadan çox şey götürəcəklər.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər