30 Oktyabr 2023 12:36
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İndi ifaçılar efirə çıxmaq üçün əksər hallarda bizdən pul tələb edirlər".

Teleqraf.com xəbər verir ki, bu sözləri "Xəzər" TV-nin prezidenti, xalq artisti Murad Dadaşov Bakıda keçirilən Musiqi Forumunda panel müzakirəsi zamanı deyib.

"Televiziya kanalının əsas gəliri reytinqindədir. Mən açıq deyirəm ki, əvvəllər ifaçılar televiziyaya qonaq gəlmək istəyəndə ödəniş etməyi təklif edirdilər, ancaq indi əksər hallarda bizdən pul tələb edirlər.

Biz bilirik ki, TV olaraq maarifləndirməliyik. Amma ayın axırı mən "Xəzər" TV-nin 600-ə yaxın işçisinə maaş verməliyəm. Başa düşürəm ki, biz maarifləndirməliyik... Amma bizdən tələb olunan, insanların baxmaq istədiyi təəssüf ki, o deyil. Bəli, deyirəm, biz yaxşı yaradıcı verilişlər edəcəyik, amma inandırıram sizi onlara heç kim baxmayacaq".

Murad Dadaşov onu da bildirib ki, televiziya tamaşaçılarının sayı azalıb: "Televiziyaya baxan tamaşaçıların sayı azalıb. Bu gün televiziyaya neçə nəfər baxır? Hazırda daha çox televiziya qarşısında əyləşən evdar xanımlardır. Tək Azərbaycanda yox, dünyada belədir".


Müəllif: Rəqsanə Həsənova