14 Fevral 14:19
3 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nura Suri Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Nura xanım, “Sevgimiz dənizdir” adlı mahnıya çəkilən klipinizi təqdim etdiniz. Klipin çəkilişləri necə keçdi?

- Bəli, “Sevgimiz dənizdir” adlı klipimi təqdim etdik. Amma çəkilişlər çox əziyyətli oldu. Soyuqdan donduq... Düşünürəm ki, əziyyəti çox olsa da, uğurlu işdir, “Sevgimiz dənizdir”i hamı bəyənəcək. Uğurlu, səliqəli və zövqlü bir klip ərsəyə gəldi. Hətta klip üçün ayrıca məkan da təmizlətdik.

- Bu ilki yaradıcılıq planlarınızda nə yeniliklər gözlənilir? Konsert verməyi düşünürsünüzmü?

- Yaxın günlərdə yenə bir klip təqdim edəcəm. Mən konsert vermək haqqında düşünməli deyiləm. Pul xərcləyib, konsert verə bilmərəm. Konsert proqramı üçün hansısa bir şirkətin marağı olmalıdır. Müğənninin işi oxumaqdır, konsert təşkil etmək deyil. Təklif gəlsə niyə də yox...

- Klipinizi məhz “Sevgililər günü” ərəfəsində təqdim etdiniz...

- Düşündüm ki, cütlüklərimiz öz sevgilərini bu mahnıyla da bildirə bilərlər. Küsülü olan sevgililər klipi izləyib barışarlar.

- “Sevgililər günü”nü necə qeyd edəcəksiniz?

- Sevgilim var? Niyə məni pərt edirsiniz (gülür). Sevgilim yoxdur, hamısı kor olub.

- Oğlanlarınız “Sevgimiz dənizdir” klipini necə qarşıladılar?

- Kiçik oğlum David dedi ki, ana, klipdə rəqs zamanı ayağını qaldırdığın hissəni çıxartdır. Amerikada yaşayan böyük oğlum Xosrov isə aktyorun məni qucaqladığı səhnəni paylaşdığım videoya “bu nədir belə... O kişi niyə sənin belindən tutub” - deyə reaksiya göstərdi. Oğluma səsli qeyd atdım ki, “sənin anan müğənni, tərəf müqabilim Rüfət Nəzər isə aktyordur. O, evlidir və üç övladı var". Bu qədər qısqanclıq var...

- İki oğlunuz Xosrov və Möhsen xarici ökədə yaşayırlar, gələcəkdə David necə, başqa ölkəyə köçməyi düşünürmü?

- Onun düşünməsi ilə deyil ki... Xosrov İngiltərədə, Möhsen isə Amerikada yaşayır. Onları təhsil almağa göndərmişdim, gedən kimi evləndilər. Davidi xarici ölkəyə göndərmirəm. Deyir ki, xarici ölkəyə getsəm, səninlə gedərəm, səni tək qoymaram. David mənə bağlıdır, o biri oğlanlarım kimi qız tapan kimi anası yaddan çıxmaz (gülür). Allah onda üzümə baxıb ki, balacam mənə bağlıdır.

- David gələcəkdə hansı sahədə fəaliyyət göstərmək istəyir?

- Futbolçu olmaq istəyir, oxumaqla arası yoxdu. Mən onu o cür bahalı məktəbdə oxutdurdum, amma oxumağa həvəs göstərmir.

- Bir müddət əvvəl millət vəkilliyinə namizədliyinizi verəcəyiniz haqqında açıqlamanız səs-küylə qarşılandı. Bu haqda nə deyə bilərsiniz?

- Düşünürəm ki, deputatlığa namizədliyimi versəm, 100 il bundan əvvəl çimərlik geyimində çəkdirdiyim şəkillərimdən tutmuş, kiminsə ayağına atdığım daşı da üzə çıxaracaqlar ki, təki mənə pislik etsinlər. O dərəcədə... Mən bu kimi şeylərə hazıram. Bu kimi hallardan qaçan adam deyiləm.

- Millət vəkili olsanız, mədəniyyət sahəsində ilk nəyi dəyişərsiniz?

- Mədəniyyət məkanlarımızın nə qədər gözəl olduğunu göstərmək üçün fotoqraflardan, videoqraflardan, rejissorlardan niyə istifadə edə bilmirlər? Bu məkanlarda çəkiliş üçün əziyyət çəkmək kimi halları ortadan qaldırardım. Dünyada da görsünlər ki, bizdə belə gözəl məkanlar var. Həmin yerləri bağlı saxlamaq mənasızdır. Hansısa teatrda çəkiliş etmək istəyirsən, buna imkan vermirləe. Gərək icazə alasan. Bu, düz deyil.

- Aparıcı Afaq Gəncəli ilə münasibətiniz necədir?

- Aramızda şəxsi problem yoxdur. Aparıcı-müğənni arasında ola biləsi bir hal var idi, bu da məni narahat edirdi. O mənə qarşı haqsızlıq etmişdi, mən ona yox. Amma insan olaraq onun bostanına daş atmamışam. O da mənə pislik etməyib. Nə danışım...

Bildiyim qədəri ilə daha aparıcılıq etmir. Yenə çox gözəl münasibətimiz var. Sabah aparıcı olsa, bəlkə yenə aram dəyəcək. Bilmirəm...

- Televiziyalarımızın səviyyəsini necə dəyərləndirirsiniz?

- Qane olduğum və qane olmadığım hallar var. Gözəl layihələri və verilişləri danmaq olmaz. İTV-nin verilişlərini bəyənirəm.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər