14 Fevral 17:12
2 991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Elşən Orucov Teleqraf.com-un suallarını cavabalandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elşən bəy, "Ben Bu Cihana Sığmazam" serialına çəkildiniz. Serialda aktyor Ozan Akbabanın qardaşı Rəşad obrazını canlandırdınız. Serialdan sonra reaksiyalar necə oldu?

- Hazırda İstanbuldayam və bir müddət burada qalacağam. Serialdan sonra tamaşaçılar tərəfindən çox müsbət reaksiyalar gəlir. Çoxlu sms yazırlar.

- "Ben Bu Cihana Sığmazam" serialının bir bölümündə rol aldınız. Gələcəkdə davamı ola bilərmi?

- Bəli, serialın bir bölümündə çəkiləcəyim nəzərdə tutulmuşdu. Çünki Ozan Akbaba da "Ben Bu Cihana Sığmazam” serialından ayrılır. Biz Ozan Akbababa ilə TRT-də yayımlanacaq “Çıraq” serialına çəkilirik. Hazırda serialın çəkilişlərinə hazırlaşırıq. Ona görə "Ben Bu Cihana Sığmazam”dan uzaqlaşmışıq.

Amma gələcək üçün bunu bilmək olmaz. İnsanlar məni komediya janrında görmüşdülər və fikirləşirəm ki, bu obrazım onlara sürpriz oldu. Ən əsası odur ki, mənim yerimə başqa bir vətəndaşımız da olsaydı, yəqin mən də ona baxıb sevinərdim və fəxr edərdim. Bütün şərhləri oxuyub çatdıra bilməsəm də, reaksiyalardan görürəm ki, hamı sevinir. Hər kəs mənə uğurlar arzulayır. Onlara cavab yazmağa imkanım olmayıb. Sizin vasitənizlə hər kəsə təşəkkür edirəm. İnşallah, bir müddət Türkiyədəyəm.

- “Çıraq” serialında necə bir obraz canlandırırsınız?

- Serial haqqında əvvəlcədən məlumat verməyə icazə yoxdur. Maraqlı bir obraz canlandırıram. Serialın çəkilişləri artıq başlayır, amma efirdə nə zaman yayımlanacağını bilmirəm.

Serial 10 bölümdən ibarətdir. Filmin ssenaristi və baş rol ifaçısı Ozan Akbabadır. Onu da xüsusilə qeyd edim ki, "Ben Bu Cihana Sığmazam” serialında rol almağımın səbəbkarı Ozan Akbabadır.

- Ozan Akbaba ilə dostluğunuz necə başladı?

- Ozan Akbaba Bakıya film təqdimatına gəlmişdi. O zaman tanışlığımız olmuşdu, sonra dostluq münasibətimiz yarandı. Birlikdə Şuşaya da getmişdik. Ordan bir video paylaşmışdıq: “Nə oldu, Paşinyan?!”

Sonra Ozan Akbaba Bakıda verilişimə qonaq oldu. Biz hər zaman əlaqə saxlayırdıq. Həmişə mənə deyirdi ki, sən Türkiyədə olmalısan. Təsadüfən İstanbula getmişdim, onların çəkiliş meydançasında oldum. Orada Oqtay Kaynarca ilə tanış olduq.

Çəkiliş meydançasında hamı məni “Nə oldu, Paşinyan?!” videosuna görə tanıyırdı. Onu da deyim ki, Oqtay Kaynarca da çox yaxşı insandır. Onunla da səmimi dostluğumuz yarandı.

“Çıraq” serialına dəvət almışdım, Bakıya gəldikdən üç-dörd gün sonra isə "Ben Bu Cihana Sığmazam" serialından təklif gəldi. Bu da Ozan Akbaba vasitəsiylə oldu. Təbii ki, mən də bu serialda çəkilməyi çox istəyirdim, amma məndən də çox Ozan Akbaba istəyirdi. Beləliklə, seriala çəkildim. İnanıram ki, ölkəm və millətim üçün yaxşı bir hal oldu.


Müəllif: Rəqsanə Həsənova