15 Aprel 13:06
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Efirdən gedəndən sonra verilişimə dəvət etmədiyim müğənnilər belə mənə çox böyük hörmətlə yanaşdılar. Hamısına təşəkkür edirəm. Müğənnilərdən tez-tez təmasda və yaxın münasibətdə olduğum insanlar da var. Vəfasızları yad etmək istəmirəm, onları görmürəm və görmək istəmirəm. Vəfasızlığı Allaha həvalə edirəm”.

Teleqraf.com xəbər verir ki, bu sözləri aparıcı Ceyran Rəhimova Arb televiziyasında yayımlanan “O üz” verilişində deyib.

Aparıcı vəfasız dostlarından da danışıb: “O demək deyil ki, həmin insanı həyatda görüm və onunla bağışlanmış kimi davranım. Həmin insanı daxilimdə bağışlamıram. Mən kinli insanam. İnsanlara çox səmimi davranır və hətta bacarmadığım yaxşılığı belə edirəm. O, bunlara qiymət vermədisə, birdəfəlik küsürəm. O insan həyatımdan silinir və onunla üzbəüz gəlsəm belə gözlərim görmür.

Həyatımda 30-35 illik dostlarım olub ki, onlar ən çətin anımda hər şeyi tapdalayıblar. Mən onları necə bağışlaya bilərəm?!”

Ceyran Rəhimova xalq artisti Nəzakət Teymurovanın onun haqqında dediyi “Həyatda hər bir insanın çətinliyi olur. Həmişə Ceyran Rəhimovanın yanında olmağa çalışmışam. Ona deyirəm ki, qoyma, ruhun ölsün. Ruh öləndən sonra onu bərpa etmək olmaz. Deyirəm, efirlərə çıx, ətrafında bəzi insanlar var ki, onları uzaqlaşdır” fikirlərinə belə cavab verib:

“Ümumiyyətlə, güclü qadın ifadəsini sevmirəm, qadına güclü olmağı yaraşdırmıram. Qadın incədir, zərifdir. Amma həyat bizi gücləndirir. Biz güclü olmağa məhkumuq. Nə qədər həyatımızın çətin anları olsa da bunların hamısının öhdəsindən gəlmişəm. Amma itki insanı gücdən salır. İstər kişi, istər qadın olsun. Mən ailəmə, dostlarıma çox bağlı insanam. Son doqquz-on ayda həyatımda iki ağır itki oldu. Gördüm ki, həqiqətən də gücümü itirmişəm. Nəzakət xanım gördü ki, ruhum ölür. Dedi ki, işinə qayıt və ruhunun ölməsinə icazə vermə!”.

Ceyran Rəhimova illər əvvəl Azərbaycan Dövlət Televiziyasında (AzTV) aparıcısı olduğu “Sən bir nəğmə” verilişində qarşılaşdığı maneələrdən də söhbət açıb: "Verilişin efirə getməyini istəməyənlər də vardı. Proqramı efirdən çıxarmaq istəyiblər, amma yenə də öz işimlə məşğul oldum. Sonra onlardan bezib televiziyadan getdim. Həmin insanlar bu gün televiziyada deyillər, uzaqlaşıblar".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər