Norveçdə fəaliyyət göstərən müğənni Marie Sahba Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Trondheym şəhərində anadan olmusunuz. Ananız norveçli, atanız isə Cənubi Azərbaycandandır. Öncə ailəniz haqqında məlumat verməyiniz istərdik.
- Mən Norveçdə azərbaycanlı ailəsində anadan olmuşam, anam norveçli, atam Urmu şəhərindəndir. Nənəmin ailəsi Bakıdan Xoy şəhərinə köçüb, babamın ailəsi isə Urmudandır. Dünyanın hər yerindən - Azərbaycan, İran, Türkiyə, Norveç və Qərb musiqisi ilə dolu bir evdə böyüməyim həyatıma çox təsir edib. Şərq və Qərb mədəniyyətlərinin zənginliyi ilə böyüdüyüm üçün ailəmə minnətdaram.
- Neçə yaşınızdan müğənni kimi fəaliyyət göstərməyə başlamısınız? Bu sənətdə ən böyük dəstəkçiniz kimdir?
- Uşaqlıqdan musiqiyə həvəsim vardı, kiçik yaşlarımdan fortepiano, vokal və sair dərslər almışam. Bu sənətdə ən böyük dəstəkçim atam olub. O, heç vaxt musiqi ilə məşğul olmaq qərarıma şübhə etmirdi və həmişə məni dəstəkləyirdi, təşviq edirdi və mənimlə necə qürur duyduğunu daim dilə gətirirdi. Bu, mənim üçün həqiqətən də çox dəyərli olub.
- Bir albom və iki mini-albomunuz var, "AZERI BABY" və “A Billion Years Too Soon". Mahnılarınız hansı dildədir?
- Mən atamla söhbətlərdə, musiqi və sənət vasitəsilə Azərbaycan köklərimə daha da yaxından tanış olmaq istəyirdim. Əfsuslar olsun ki, albom hazırlıqlarıma başladığım ərəfədə atam vəfat etdi. Və layihəmi tamamilə bizim ailə köklərimizə bir ithafa çevirdim. Mahnılarımda atamı vaxtsız itirdiyimi dinləyicilər eşidə bilər. Çünkü dağıdıcı itki və kədərim təsvir edilir. Xüsusilə Azərbaycandakı dinləyicilərim “AZERI BABY” ilə daha dərindən bu hissi anlayırlar. Bəstələdiyim mahnı azərbaycanlı dinləyicilərim tərəfindən çox bəyənildi, insanlar mənimlə əlaqə qurmağa başladı ki, bəs, sən əslən azərbaycanlısan və bu, mənim üçün dünyalar deməkdir. Çünkü bir mahnımla öz həmyerlilərimlə tanış oldum. Mahnılarım ingilis və Azərbaycan dillərindədir. Əlbəttə ki, bir az türkçə və Azərbaycan dilində ifa edirəm. Hər ikisini birləşdirmək çox gözəl hissdir. Mən Azərbaycan köklərimlə fəxr edirəm və bu gözəl dili dünyaya tanıtmaq istəyirəm.
- DJ Heydər Əli ilə birgə layihəniz haqqında məlumat verə bilərsinizmi? Bu əməkdaşlıq necə baş verdi?
- Norveçdə fəaliyyət göstərən "CAN" diaspor təşkilatının sədri və modelyer Şervin Nəcəfpur bu yaz məni öz dostu DJ Heydər Əli ilə tanış etdi. Bu layihənin həyata keçməsi üçün bizə öz dəstəyini göstərdi. DJ Heydərin mənim debüt albomumun “A Billion Years Too Soon” adlı mahnısını remiks etmək istəməsi məni çox şərəfləndirdi. Bu mahnı albomun ürəyi və ruhudur. Belə bir böyük azərbaycanlı DJ və prodüserin bu mahnının öz versiyasını hazırlamaq istəməsi mənim üçün dünya deməkdir. Mən bu əməkdaşlıqdan çox məmnunam, bütün komandam və bu layihədə bizə dəstək göstərən hər kəs bu layihənin uğurunu qeyd edir. Yaxın gələcəkdə DJ Heyder ilə daha bir əməkdaşlığımız baş tutacaq, səbirsizliklə bu layihəni də dinləyicilərimizlə bölüşməyin sevincini yaşayıram.
- Hazırda yeni mahnı və ya albom üzərində işləyirsiniz? Başqa azərbaycanlı məşhurlarla gələcəkdə daha çox layihələr görəcəyik?
- Norveçdəki və Türkiyədəki komandam ilə növbəti albomum üzərində işləməyə artıq start vermişik. Yaxın günlərdə yenidən İstanbula səfər etdim. Bilirsiniz, İstanbul ilham verən bir şəhərdir. Mən bu şəhərdə atamın ruhunu hiss edirəm, çünkü atam Norveçə köçmədən bu şəhərdə bir neçə il yaşayıb. İstanbulun küçələrində gəzəndə, o gözəl boğaz mənzərəsini izləyəndə, atamı yanımda hiss edirəm və birdən musiqi ilhamım gəlməyə başlayır. Yaxın gələcəkdə çox maraqlı layihələrimizi əziz dinləyicilərimlə bölüşəcəyim üçün indidən çox səbirsizlənirəm. Şervin Nəcəfpur artıq məni bir necə dəyərli və populyar azərbaycanlı müğənnilərlə tanış edib. İşgüzar müzakirələrimiz davam edir.
- Ən sevdiyiniz Azərbaycan mahnısı hansıdır?
- Azərbaycan musiqisi mənim üçün həqiqətən sonsuz bir ilham mənbəyidir və dinləyicilərimi mədəniyyətimizin zənginliyi ilə tanış etmək mənim üçün çox vacibdir. Atam Rəşid Behbudov kimi azərbaycanlı musiqiçilərə qulaq asardı və mən “Ayrılıq” mahnısını xüsusilə xatırlayıram. O qədər gözəl mahnıdır ki... Böyük bir kədəri ifadə etsə də, bu mahnı xüsusilə mənə çox təsir etdi. Uşaqlıqda başa düşməsəm də, böyüdükcə bu mahnının mənasını anlayıram. Ən gözəl xatirələrimdən biri isə atamla televiziyada Azərbaycan və Türkiyədən canlı musiqi proqramlarını izləməyimiz və atamın Urmu və İstanbulda yaşadığı dövrlə bağlı hekayələrini dinləməkdir.
- Azərbaycanı hansısa beynəlxalq yarışlarda təmsil etmək arzusundasınızmı?
- Bu, əksər sənətçilər üçün əlamətdar hadisədir və fürsət yaranarsa, gələcəkdə Azərbaycanı qürurlu bir Norveç azərbaycanlısı kimi "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində təmsil etməkdən şərəf duyaram. Bu müsahibə vasitəsilə bir mesaj çatdırmaq istərdim ki, noyabrda Azərbaycanın ev sahibliyi edəcək COP29 tədbirində çıxış etmək istərdim. Bunun əsas səbəbi Urmu şəhərinə çoxlu səfərlərimdən ilhamlanan, mənim "Orumiyeh" mahnımı ifa edə bilməkdir. Təəssüf ki, Urmu gölünün qurudulması bir cari qlobal ekoloji fəlakətidir. Gölün yoxa çıxmasının şahidi olmaq mənim üçün ürək ağrıdır. Ona görə də Urmu gölünün kədərini, fəryadını və ümidsizliyini simvolizə edən ürək döyüntüsünü mahnımda əks etdirmişəm. Bu treklə mən beynəlxalq platformadan dünyanın ən böyük ekoloji fəlakətlərindən biri haqqında məlumatlılığı artırmaq istərdim, çünki bu fəlakət, təkcə orda yaşan insanları və heyvanlarə təsir etmir, kənd təsərrüfatına və qonşu ölkələrinidə təsir edəcək. Dünya çox gec olmadan hərəkətə keçməlidir.