Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin son günüdür.
Bir həftə davam etmiş sərginin əsas mövzularından biri ziyarətçi sayının az olmasıyla bağlıydı.
Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Maarifli Teleqraf.com-a açıqlamasında sərginin yüksək səviyyədə təşkil olunduğunu vurğulaylıb:
"Sərgi haqqında təəssüratlarımız çox yüksəkdir. 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Təşkilatçı kimi kitab sərgisinin yüksək səviyyədə təşkilini vurğulasaq da ən yaxşı fikri ziyarətçilər bildirə bilər. Amma bizə görə sərgi yüksək səviyyədə təşkil edilib".
Akif Maarifli sərgi ziyarətçilərin sayının az olmasını Bakı Ekspo Mərkəzinin şəhərdən uzaq məsafədə yerləşməsi ilə əlaqələndirənlərə də cavab verib:
"Artıq dörd ildir Beynəlxaq Kitab Sərgisi ixtisaslaşmış Bakı Ekspo Mərkəzində keçirilir. Bütün dünyada kitab sərgiləri şəhər mərkəzindən kənarda keçirilir. Məsələn, İstanbulda kitab sərgisi mərkəzdən 200 km şimalda yerləşən salonda təşkil olunur. Bu, fərqli mədəniyyət nümunəsi kimi hər bir ölkədə aşılanmalıdır və belə də olmalıdır. Sərgilər şəhərdən nə qədər uzaq olsa, o qədər rahat olacaq.
Mədəniyyət naziri Adil Kərimov kitab sərgisi üçün pulsuz avtobuslar təşkil etdirib, dünyanın heç bir yerində belə bir nümunə yoxdur. Üç metrostansiyadan - "28 May", "Elmlər Akademiyası", "Koroğlu"dan ziyarətçilər pulsuz avtobuslarla sərgiyə gələ bilərlər. Uzaq məsafə kimi qeyd etdiyiniz Bakı Ekspo Mərkəzini şəhərin mərkəzindən 18 km ayırır.
Ziyarətçilərimiz rahat şəkildə kitab sərgisinə gələ bilərlər. Təbii ki, hər bir işə irad bildirənlər də olur. Bu da yaxşı haldır. Deməli, işə diqqət var.
Mən düşünmürəm ki, kitab sərgisində ziyarətçilərin sayı azdır. Keçən ilki kitab sərgisinə 75 min ziyarətçi gəlmişdi. Bu ilki sərgi isə hələ bitməyibvə sonda yekun statistikanı ictimaiyyətə təqdim edəcəyik.
Kitab sərgisində işləyən adamlar da nəzərə alınıb. Sərgi saat 20:00-dək davam edir. Məsələn, dünən, həftənin birinci günü kitab sərgisində ziyarətçi sayı 8 mini keçmişdi. Bu, aşağı göstərici deyil. Bazar günü isə 19 minə yaxın ziyarətçi gəlmişdi".
Akif Maarifli dövlət işçilərinin, məmurların kitab sərgisinə gəlməməsinə də münasibət bildirib: "Naşirlərimizin fikir bildirməsinə müsbət hal kimi yanaşıram. Naşirlərimizdən biri elə sizin saytınıza müsahibəsində vurğulayıb ki, "niyə kitab sərgisinə dövlət məmurlarımız, rektorlar gəlmirlər?" Bu fikirlə razıyam. Universitet rektorlarımız da kitab sərgisinə gəlməlidirlər.
Onu da vurğulayım ki, kitab sərgisinə gələn rektorlar da var. İqtisad Universitetin rektoru Ədalət Muradov hər il kitab sərgisinə gəlir. Biz bunu yüksək qiymətləndiririk. Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov da kitab sərgisini ziyarət etdmişdi. Kaş ki, bütün universitetlərimizin rektorları sərgiyə təşrif buyuraydılar".
Xalq yazıçısı Anar Rzayev narazılıqları bölüşmür, deyir ki, Beynəlxalq Kitab Sərgisində kitab sayı kifayət qədər çoxdur: "Kitablar da yaxşı satılır. Builki ilə ötən ilki sərgi arasında fərq görmürəm. Kitab sərgisinə mən də getmişdim".
Millət vəkili Fazil Mustafa Beynəlxalq Kitab Sərgisinin əhəmiyyətindən danışıb: "Ümumiyyətlə, harada keçirilməsindən asılı olmayaraq kitab sərgisini yüksək qiymətləndirirəm. Bunun intensiv xarakter daşımasını vacib hesab edirəm. Sərginin keçirilməsindən əvvəl onun təbliğatının qurulması, ziyarətçi gəlişinin təşkil olunması olduqca vacibdir. Biz bu istiqamətdə çox böyük işlər görməliyik və kitaba sevgini artırmalıyıq.
Bu bağlar qırıldıqca Azərbaycanda cəhalət, xurafat, nadanlıq qalib gəlir. Ona görə bütün hallarda bu sərgiləri stimullaşdırmalıyıq.
Mən kitab sərgisinin ilk günündən iştirak etdim, çoxlu kitab aldım. Orada görüşlər keçirdim, nəşriyyat rəhbərləri ilə söhbətləşdim, onların problemini dinlədim. Amma bu demək deyil ki, cəmiyyətin digər təbəqələrini kitab sərgisinə cəlb etməkdən hansısa formada yayınmalıyıq. Universitet tələbələri, eləcə də müxtəlif təbəqəyə aid insanlar kitab sərgisinə axın etməlidirlər. Bir kitabın dəyəri bir qutu siqaretin qiymətindən yüksək olmaz.
Bəzən bəhanə edirlər ki, kitabın qiyməti yüksəkdir, almağa imkan yoxdur. Kitab sərgisinə gəl, bir kitab al, vərəqlə, sərgidəki prosesləri gör, kitab təqdimatlarında iştirak et, dünyagörüşünüz artsın. Bunların hamısını etmək lazımdır. Məncə, bu məsələdə əlaqədar qurumlar da çox ciddi işləməlidirlər.
Ziyarətçi sayının azlığı cəmiyyətimizin kitaba münasibətindən asılıdır. Cəmiyyətimiz 50 il əvvəl də belə olub, mütaliəyə yüksək diqqət yetirməyib. Hazırda yeni şərait - internet dövrü də insanları fərqli formada kitabdan aralayıb. Bu istiqamətdə şikayətlənmək əvəzinə daha çox iş görmək, təbliğat aparmaq lazımdır. Nəşriyyatların problemlərini yüngülləşdirmək lazımdır".
Araşdırmaçı-yazar, “Çapar” jurnalının baş redaktoru Dilqəm Əhməd xatırladıb ki, Bakı Beynəlxalq Kitab Sərgisinin 10 yaşı olur: "Ona görə naşirlər, müəlliflər daha təntənəli mühit gözləyirdi. Fikrimcə, nazirlik əlindən gələni edib, hər il olduğu kimi Bakı Ekspo Mərkəzi kimi geniş bir salonu sərgiyə ayırıb, şəhərin üç istiqamətindən pulsuz avtobuslar təşkil edib. Eləcə də müvafiq məlumatlar yayıb. Nəşriyyatlar da səhifələrində bilgilər verib. Ona görə də məlumatsızlıq fikrinə qatılmıram. Sərgi yerinin uzaqda olması fikrini də bölüşmürəm. Bakıda uzaq yer bircə Qobustan qaya təsvirlərinin olduğu ərazidir.
Mən dəfələrlə İstanbuldakı kitab sərgisinə getmişəm. Hər dəfə saat yarım məsafə qət etmişəm, yəni bizimkindən qat-qat uzaq məsafəyə gedib çıxmalı olmuşam. Bu baxımdan kitab sərgisinin uzaq məsafədə yerləşməsi fikri bəhanədir. İldə bir dəfə təşkil edilən kitab sərgisinə niyə ziyarətçi gəlməsin?!
İş saatlarında insanlar kitab sərgisinə gələ bilmirlər. Bu baxımdan şənbə-bazar günlərindəki ziyarətçi sayından razı qaldıq. Xüsusilə, şənbə günü böyük izdiham vardı".
Dilqəm Əhməd vurğulayıb ki, insanların kitab sərgisinə gəlməməsinin önəmli səbəblərindən biri madiyyatla bağlıdır: "Azərbaycanda kitabın qiyməti yüksək deyil, kitab oxuyan təbəqə kasıb təbəqədir. Keçən ilki sərgi ilə müqayisədə bu il kitab satışı zəifdir. Halbuki nəşriyyatlar 30-70 faiz endirim təklif edirlər. Oxucu kitabı daha aşağı qiymətə arzu edə bilər, amma naşirlik xeyriyyəçilik deyil. Bir kitabın ərsəyə gəlməsində çox sayda insanın əməyi var".
Yazıçı Şərif Ağayar vurğulayıb ki, Beynəlxalq Kitab Sərgisi insanların aktivliyi baxımından tam qənaətbəxş deyil: "Amma şənbə və bazar günləri kitab sərgisində ziyarətçilərin sayı yüksək idi. Bu hal bizi sevindirdi. Həftəiçi zəiflik idi. Sonda nəticələrə baxanda alış-satış faizinin necə olduğunu biləcəyik.
Mənə elə gəlir ki, kitab sərgisi ilə bağlı tanıtım işləri zəif gedib. Onsuz da Bakı Ekspo Mərkəz şəhərdən bir az kənarda yerləşir. Ona görə də təbliğat güclü olmalıdır. Televiziyalarda kitab sərgisi ilə bağlı süjetlər təqdim edilməlidir. İnsanlar kitab sərgisi haqqında məlumatlı olmalıdırlar. Məsələn, mən "Koroğlu" metrostansiyası tərəfdə 20-yə yaxın insandan kitab sərgisi ilə bağlı sorğu keçirdim, məlumatlı deyildilər. Eləcə də kitab sərgisinə təşkil edilən pulsuz avtobusların harada təşkil olunduğunu da bilmirdilər. Hətta dispetçerlər də Bakı Ekspo Mərkəzinə avtobusların nə üçün təyin edilmsindən xəbərsiz idilər".
Yazıçı 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinə ziyarətçi sayının az olmasının səbəbini belə açıqlayıb: "Sentyabr ayı olduğu üçün insanlar məktəbin başlamasıyla əlaqədar çox xərc çəkirlər. Səbəb kimi sosial vəziyyət də əhəmiyyət kəsb edir. Bununla yanaşı ümumi ölkədəki bahalaşmanın da təsiri var. İnsanlar zəruri xərclərdən sonra kitaba büdcə ayıra bilirlər. Heç kim çörəyi kənara qoyub kitab ala bilməz".
Şərif Ağayar hesab edir ki, kitab sərgisində ziyarətçi sayının az olmasının səbəblərindən biri də nüfuzlu şəxslərin, vəzifə sahiblərinin, cəmiyyətdə tanınan insanların sərgiyə az gəlməsidir: "Məsələn, sərgidə Mədəniyyət naziri Adil Kərimlini ailəsiylə sərgidə gördüm və çox xoş oldu. İqtisad Universitetin rektoru Ədalət Muradov da bir neçə dəfə sərgidə iştirak edib. Millət vəkillərindən Fazili Mustafa, Ceyhun Məmmədov da sərgini ziyarət edənlər arasındaydı".
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə dərc olunub.