6 Mart 2015 17:13
3 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mütəxəssislər rəqəmləri açıqladılar

Əminəm ki, bu başlıqlarla tez-tez qarşılaşırsınız: "Azərbaycanda ən bahalı klip", "Azərbaycanda ən bahalı mahnı", "Ən bahalı bəstəkar" və s. Bu yazıda məqsədimiz ən bahalı bəstəkarı, mahnını, klipi müəyyənləşdirmək deyil, sadəcə, ölkə daxilində bir musiqi layihəsinin neçəyə başa gəlməsini araşdırmaqdır. Musiqi layihəsi deyəndə bura şeirin yazılmasından tutmuş, mahnıya çevrilmə prosesi də daxil olmaqla, onun sonda klip halında tamaşaçıya çatdırılması daxildir. Mövzunu bu sahənin mütəxəssislərilə araşdırırıq.

Dodaq uçurdan xərclər

Uzun illər müğənnilərlə çalışan, məşhur aranjemançı Yaşar Baxışla işləyən bəstəkar Gövhər Həsənzadə qəzetimizə açıqlamasında ölkəmizdə bir mahnının 5-6 min manata başa gəldiyini bildirib: "Mahnını 5-6 min manata satıram deyəndə düzgün başa düşmürlər. Elə bilirlər, Gövhər hansısa mahnını müğənniyə göstərir və sonra pulu götürüb cibinə qoyur. Elə şey yoxdur. Mahnının aranjemanı, səs yazma studiyasının xərci, canlı instrumentlər, eləcə də mahnının hazırlıq müddətində əziyyət çəkən hər kəsin zəhmət haqqı ödənilir və son nəticədə bütün bunlar 5-6 min manata başa gəlir. Kim istəsə, Gövhərə əlavə 2-3 min manat da pul verir, o zaman qiymət 7-8 min manat olur. Amma onu heç kim eləmir. Ona görə də ortalama rəqəm belədir: 1500-2000 arası aranjeman, 500-600 studiya xərcləri, 1500-2000 də bəstəkara qalır. Eləsi var ki, gəlir deyir, mən ancaq aranjemanın pulunu ödəyəcəyəm, Gövhər, sənin də qulluğunda hər zaman hazıram".

Onun sözlərinə görə, indiki şəraitdə hazır mahnının ərsəyə gəlməsində ən çox instrumental ifaçılar, sonra aranjemançılar, bəstəkarlar, ən sonda isə şairlər qazanır".

"Şəxsi münasibətlər önəmlidir"

Prodüser Yalçın Cabbarov məsələni Tünzalə Ağayeva və sənətə yeni başlayan müğənnilərin timsalında izah etməyə çalışdı: "Sifariş əsasında yazılan mahnılarda xüsusi sözlər lazım olur ki, bu halda Tünzalə xanım şairə müraciət edir. Və bu ödənişlidir. Bu rəqəmi isə mənim söyləməyim düzgün çıxmaz. Klip də müğənni və onu çəkən insanla olan münasibətlər zəminində çəkilir. Elə klip var ki, 5 minə, eləsi də var ki, 15 min manata başa gəlir. O da müğənnidən, onunla çalışan rejissordan asılıdır. Rejissor var ki, müğənniyə o klipi müğənninin adına, imicinə görə çəkir. Və bu çox zaman hədiyyə olur, ya da müğənniyə çox cüzi miqdara başa gəlir. Sözünü demiş rejissor isə müğənniyə özünə sərf etdiyi rəqəmi deyir. Azərbaycan bazarı çox fərqlidir. Elə hal olub ki, Tünzalə xanım hansısa müğənni dostuna mahnını hədiyyə edib. Baxmayaraq ki, mahnı çox populyar olub. Burda insan faktoru önəmlidir. Bizim bazar hələlik ticarət marka deyil ki, konkret rəqəm söyləyək. Bizdə şəxsi münasibətlərin böyük rolu var və bu münasibətdən də qiymət ortaya çıxır. Biz indiyə kimi klipə böyük miqdarda vəsait ayırmamışıq. Ülviyyə Könül, Aqil M Quliyev, bir neçə gənc rejissorlarla da işləmişik. Hamısı dost olduqlarına görə klipin qiyməti çox az olub. Tünzalə xanım Türkiyədə də böyük məsrəflər xərcləməyib. Ümumiyyətlə, Tünzalə Ağayeva və onun komandasının belə bir fikri var ki, mahnını klip uğurlu etmir. Mahnı uğurludursa, onun klipinə də ehtiyac qalmır. Klip Azərbaycan bazarında önəmli rol oynamır. Bunun iki səbəbi var: artıq ad qazanmış Azərbaycan bazarında klipin böyük rolu yoxdur. İkincisi isə Azərbaycan bazarında daim klip təqdim edən kanal yoxdur. Təsəvvür edin ki, əgər biz "Biz gəlirik" klipini özümüz çəkmək istəsəydik, o klip bizə çox baha, 40-50 min manata başa gələcəkdi".

10-15 minlik keyfiyyətsiz iş

"Mən özüm keyfiyyətə önəm verən adamam. Gənc ifaçı üçün mütləq klip lazımdır. Əgər gənc ifaçı keyfiyyətli mahnı, keyfiyyətli aranjeman, keyfiyyətli təqdimat, keyfiyyətli klip istəyirsə, bu, ona 40 min manata başa gələcək. Əgər müğənni bu keyfiyyəti istəmirsə, bu rəqəm ona 10-15 min manata başa gələcək. Bütün hallarda bu, müğənninin hədəfinə baxır. Amma bunun üçüncü variantı da var, əgər insan əsl sənətkardırsa, ona çoxlu pul xərcləməyə ehtiyac yoxdur. Sadəcə, prodüser ona bir az pul xərcləyib üzə çıxarır, sonra isə ümumi işdən pul götürür. Azərbaycanda bəzi müğənnilərin səsi olmadığından daha çox keyfiyyətli işlərlə ortaya çıxdığının və uğur qazandığının da şahidi olmuşuq".

"Böyük pullar lazımdır"

Bir zamanlar Türkiyədə çəkdirdiyi klipləri ilə şöhrət qazanan müğənni Gülüstan Əliyeva da qiymətləri açıqladı: "İndi bazarda olan minimal, orta qiymətləri sadalayacam: 2500-3000 manat bəstəkar, 2000-2500 manat civarında onun aranjemanıdır. Klip çəkilişi isə 5000 manatdan başlayır. Sonra onu reklam etmək üçün də çox böyük pullar lazım olur. 15 min manatdan çox da buna xərclənir. Mən kliplərimə 3000-10000 manat arası pul xərcləmişəm".

Bir çox bəstəkarların qınadığı gənc aparıcı - bəstəkar Murad Arif mətbuata açıqlamasında deyib ki, müğənnilərdən qonorar tələb etməyə utanmır. Onun fikrincə, hər bir əziyyətin qarşılığı ödənilməlidir: "Ortada əziyyət varsa, haqqı mütləq verilməlidir. Ayazın ifasında ilk mahnım olan "Almalarınla" mahnısını hələ 5-6 il bundan öncə ürəksiz şəkildə 1500 manata satdım. Baxmayaraq ki, Ayazla 7 ilin dostu idik. Bu da mənim işimdir. Bu vaxta kimi 15-ə qədər mahnım müxtəlif populyar müğənnilərin ifasında səslənib. Mən mahnılarımı aranjemansız demo dalında təklif edirəm".

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər