29 Mart 2015 21:44
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mavi gözlü britaniyalı aktyor təkcə istedadına görə yox, həm də öz qadınına sadiq qalması ilə məşhurdur. Lakin buna qədər “Hollivudun arvadbaz” adını almış Cud Lounun adı xəyanət qalmaqlallarında dəfələrlə hallanıb.


Publika.az “Bizim tərcümə” layihəsində məşhur Hollivud aktyoru Cud Lounun həyat hekayəsi və müsahibəsini təqdim edir.

Cudun qız kimi sarı uzun saçları, qalın qaş və kirpikləri, açıq mavi rəngli gözləri diqqəti bir andaca cəlb edirdi. Ona görə də, paxıllıq edən sinif yoldaşları Cuda nifrət edərdilər. Valideynləri ona Tomas Hardinin “Seçilməyən Cud” romanın personajına əsasən ad qoymuşdular.

Cud tez-tez kino və teatr mütəxəssislərinin tənqidinə məruz qalır. Çünki Cud filmdə öləndə də, sevişəndə də, hətta pis obrazı canlandıranda da, hər şeyi gözəl edir. Sanki Cud gözəllik naminə bu dünyaya gəlib. Bu da tənqidçilərin xoşuna gəlmir. Onun yaraşıqlı siması da dəfələrlə Cudu yolundan azdırıb. O, zamanında bir çox səhvlərə yol verib. Məsələn, 2003-cü ildə sədaqətsizlik Cud Lou və övladlarının anası Sedi Frostun nikahının üstündən xətt çəkdi. O, uşaqlarının dayəsinə aşiq olsa da, sonda hərəkətinə görə arvadından və ictimaiyyətdən üzr istəməli oldu. Hələ bu azmış kimi, Böyük Britaniya şahzadəsi Harrinin rəfiqəsi aktyorun sayca 4-cü övladını da dünyaya gətirdi. Amma Cud bir daha keçmişə qayıdıb qadınlarla bağlı səhvə yol vermək niyyətində deyil.

- Cud, dekabr ayının 29-da 42 yaşınızı qeyd etdiniz. Heç inanılası deyil ki, yaşınız 40-dan çoxdur. Adətən kişilər orta yaş dövrünü pis keçirir. Siz bu mərhələni necə qarşıladınız?

- Mənim 42 yaşım var! Mən qocayam ya yox? Bilmək istəyirsinizsə, qoy deyim ki, mən 42 yaşımı heç də pis qarşılamadım. Doğum gününə yaxın və mənə əziz olan insanları yığdım. Buraya övladlarım, valideynlərim, bacım və bacım uşaqları aiddir. Daha heç kimi. Atam doğum günü mərasimini təsirli nitqlə başladı... Həmin günü özümü sakit, xoşbəxt, əmin-amanlıqda hiss edirdim. Sanki, çiyinlərimdən ağır bir yükün düşdüyünü hiss edirdim. Həyatımda təmizləmə işləri aparıb dəyişikliklər etmək istəyirəm. Bu vaxta qədər çox pis qərarlar qəbul etmişəm. Nəyin bahasına olursa olsun onları bir daha təkrar etmək istəməzdim. Keçmişim məni irəliyə doğru addımlayıb yaxşı hərəkətlər etməyə vadar edir.

- Sizin 4 uşağınız var. Bu hal sizi sıxmır ki?

- Maraqlıdır ki, mənim bir çox dost tanışlarım hələ indi atalıq hissini duyur. Mən ilk dəfə 24 yaşımda ata olmuşam! Çox sevinirəm ki, öz gücümdən gənc yaşımda istifadə etmişəm (gülür). İndi isə səhərlər yuxudan durmaqda çətinliyim olur, qocaldığımı hiss edirəm. Lakin mən bildiyiniz kimi 4 uşaq atasıyam və bu dünyada missiyamı yerinə yetirmişəm. Maraqlıdır ki, mən anormal atayam. Çünki öz valideynlərimdən fərqli olaraq çox isterikalı və uşaqlara görə daim təşviş keçirirəm. Məktəbi atıb London Mançesterdə seriala çəkilməyə gedəndə, valideynlərim bir saniyə belə olsun mənim üçün narahatçılıq keçirmədi. Və mən məktəb attestatı almadan yad şəhərə gedib tək yaşayırdım. Bu valideynlərim tərəfindən yaxşı qarşılandı. Mənim övladlarım yeniyetməlik yaşındadır və onların mənim yolumla getməsinə heç zaman razı olmaram və onların yerinə mən narahatçılıq keçirərəm. Hətta, yeni texnologiyanın gəlişi məni narahat edir. Övladlarımın pis örnək götürə biləcəyindən qorxuram.

- Siz övladlarınıza qarşı nə dərəcədə sərtsiniz?

- Bu yaxınlarda böyük oğlum Rafferti bədəninə tatu elətdirmək istədiyini dedi. Lakin mən ona tatu etdirməyi qadağan etdim. Düzdür, mənim bədənimdə də bir neçə yerdə döymə var. Ona dedim ki, yaşının 18 olmasını gözləsin. Ümid edirəm o yaşa qədər oğlum fikrindən dönər...

- Bəs övladlarınız sizin iştirakınızla çəkilən filmlərə baxırlar?

- Övladlarımın “Süni idrak” (Artificial Intelligence: AI) və “Səma kapitanı və gələcəyin dünyası” (Sky Capitain and the World of Tomorrow) filmlərinə baxdığını bilirəm. Oğlum Rudi “Düşmən darvazada” (Enemy at the Gates) filminə baxmaq istəyir. Ona filmin çox yaxşı olduğunu deyiblər. Bu filmə baxmasına israr etmirəm, lakin yaxşısı budur ki, mən evdə olmayanda baxsın. Atasının filmdə nə işlərlərə məşğul olduğunu görmələri məni sıxır. 22 yaşlı atalarını görüb deyəcəklər: “Buna baxın, görün necə yaraşıqlıdır və əla vəziyyətdədir”.

- Deyilənə görə, heç vaxt ərköyünlük və şikayət etmirsiniz. Bu düzdürmü?

- Yəqin, çəkiliş meydanında şikayətlənməyim üçün heç bir əsas olmayıb. Ona görə yox ki, mən sakitəm, küncdə oturub biskvit yeyib əsəblərimi qaydasına salıram və hər adam istədiyini gəlib mənə deyir (gülür). Elə aktyorlar var ki, onlar çəkilişdən öncə bir qədəh viski içir. Məsələn, götürək aktyor Robert Daunini. O, mənim kumirimdir. Qadın olsaydım yalnız o kişiyə meyl edərdim (gülür). “Şerlok Holms” filminin çəkilişləri öncəsi Robert yoqa, fitness və kunq-fu ilə məşğul olurdu. İndi isə onun bədən formasına baxın. Mənimkindən dəfələrlə yaxşıdır. Hər axşam restoranda oturub özümü yaxşı yeməkdən məhrum etmirəm. Lakin bununla belə mən heç nədən də şikayətlənmirəm.

- Demək istəyirsiniz ki, Robert Daunidən fərqli olaraq öz xarici görünüşünüzə fikir vermirsiniz?

- İndi həyatımın elə mərhələsindəyəm ki, hər dəfə güzgüyə baxdıqdan sonra həyəcan keçirirəm: “Yox, ola bilməz ki, mən keçəlləşməyə doğru gedirəm”. Bu özünü filmlərdə də göstərir. Məsələn, “Anna Karenina” filmində çəkildikdən sonra ekranda saçımın tökülən hissələri daha aydın görünürdü. İndi isə çalışıram saçın formasını dəyişməklə qüsurumu ört-basdır edəm. Lakin sonradan öz-özümə düşünürəm: “Hər şey elə də pis deyil. Sən əvvəlki kimi yenə də yaraşıqlısan” (gülür).

- “Anna Karenina” filmindən söz düşmüşkən, filmdə sizi qoca kişi obrazına dəvət etdilər. Bu sizi utandırdımı?

- Heç də yox! Mən aktyoram və hər bir obrazın öhdəsindən gəlməliyəm. Hətta, lazım gələrsə, mavi obrazını da canlandıraram. Bu mənim işimdir, aktyor olmazdan əvvəl bütün bunları düşünmək lazım idi. Məni Tolstoyun nə qədər müasir insan olması heyrətləndirdi. Bugünkü günün qalmaqal, xəyanət və nikahların dağılmasına nəzər yetirdikdə görə bilərik ki, hələ o zaman Tolstoy əsəri qələmə alarkən bu hallara rast gəlib.

- Qalmaqallara gəlmişkən... Həyat yoldaşınız və uşaqlarınızın anası ilə boşandıqdan sonra mətbuatın gündəmindən bir gün belə düşmədiniz. Mətbuat sizin arvadınıza başqa bir aktrisa ilə etdiyiniz xəyanətin hər addımını qeyd edirdi. Hələ uşaqlarınızın dayəsi ilə sevgi münasibətlərini demirik...

- Mən hər kəsdə üzr istəmişəm. Bircə deməyin ki, səhv etməyən insan yoxdur. Səhv edib üzr istəməyi bacarmaq lazımdır.


Müəllif:

Oxşar xəbərlər