Xalq artisti İlhamə Quliyeva “Bakı 2015” Avropa Oyunlarına həsr olunmuş “Yaşa idman bayramı” adlı mahnısına həsr olunan klipinin təqdimatını edib. Təqdimatda mahnının söz müəllifi Baba Vəziroğlu, bəstəkarı Tahir Əkbər, Əbdül Mahmudbəyov, Faiq Ağayev, Nadir Qafarzadə, Elçin Hüseynov, meyxanaçı Namiq Məna iştirak edib.
Teleqraf.com xəbər verir ki, mərasimdə öncə klip təqdim olunub. Qeyd edək ki, arxiv materialları əsasında çəkilən klipin rejissoru Nail Naiboğludur.
Mahnı və klipi çox bəyəndiyini deyən İlhamə Quliyeva göz yaşlarını saxlaya bilməyib: “Mən göz yaşlarımı saxlaya bilmirəm, qürurlanıram. Azərbaycanın belə güclü dövlət başçısı və güclü dövlətimiz var. Mən Azərbaycanda yaşadığım üçün fəxr edirəm. Çox sevinirəm ki, ilk dəfə olaraq Avropa Oyunları ölkəmizdə keçirilir. Mən də öz növbəmdə bu mahnı və kliplə Avropa Oyunlarına dəstək oluram. Hər kəs bilir ki, böyük hadisələr olanda mən dinc dayanmıram. Mütləq iş görürəm, mahnı yazdırıram, kliplər çəkdirəm. Avropa Oyunlarına görə fəxarət hissi keçirirəm”
İyun ayının 7-də Avropa Oyunlarının məşəlini layiqincə daşıyacağını bildirən xalq artisti bununla qürurlandığı deyib. O həmçinin məşəli daşıması ilə əlaqədar gəzən söz-söhbətlərə bir də münasibət bildirib: “Bəzi adamlar mənim məşəl daşıyacağımla bağlı narahatlıq hissi keçirirlər. Mən məşəli daşıyanda onlar baxıb yanacaqlar. Amma mənə heç nə olmayacaq, lazım gəlsə, qacacağam da. Lap güləşib onları yerə yıxacağam. Məndə bu güc var. O adamlar ki, məni sevmirlər, məni görəndə yanıb-tökülürlər, içlərində yanğın olacaq. Mən məşəli onlara uzadıb yandıraram, amma bunu etməyəcəyəm. Çünki məşəl müqəddəsdir, onu murdar insanlara uzadıb çirkləndirmək istəmirəm. Mən tam sağlamam, şəxsi həkim nəzarətindəyəm. O adamlar bilsin ki, heç vaxt xəstələnməyəcəyəm, məşəli layiqincə daşıyacağam. Bərk dayanın, əlimdə məşəl görəndə yıxılmayın. Mən məşəli öpücüklər göndərə-göndərə daşıyacağam”.
Nadir Qafarzadə mahnı və kliplə bağlı təəssüratlarını bölüşüb: “İndiyə qədər çox müğənnilər Avropa Oyunlarına mahnı həsr edib. Amma ən möhtəşəminə biz indi baxdıq”.
Avropa Oyunları ilə bağlı belə musiqilərin yaranmasını sevinclə qarşılayan Faiq Ağayev bu mahnının seviləcəyindən əminliyini qeyd edib.
Nərmin