Müğənni İradə İbrahimova və vizajist Nigar İbrahimovaya məxsus “İN studio” gözəllik salonu ilə bağlı məlumat yayılıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Rəşid Behbudov küçəsində yerləşən salona müraciət edən müştərinin 1000 manat qarşılığında saçını rənglətdirdiyi və nəticədən razı qalmadığını bildirib: “İN studio”ya müraciət edən müştəri Türkiyə vətəndaşı olan ustaya yönəldilib. Türk usta isə saç uzun olduğundan mərhələ ilə rənglənməni məsləhət görüb. Müştəri 3 ay ərzində hissə-hissə vəsait ödəyib. Beləliklə, 1000 manat ödəməklə saçını rənglətdirib. Lakin saçları yandırılıb, istədiyi rəng alınmayıb. İndi isə o, salon tərəfindən dəymiş zərərin ödənilməsini tələb edir”.
Məsələyə münasibət bildirən müğənni İradə İbrahimova Teleqraf.com-a açıqlamasında qeyd edib ki, hüquq müdafiəçisinin bildirdiyi məlumat həqiqət deyil: "Mənə və bacıma qarşı qara piar kampaniyası aparırlar. İddia absurddur, belə bir hadisə olmayıb. Mən İstanbul kimi bir şəhərdə salonlara gedirəm. Heç orda belə bir qiymət yoxdur. Necə olur ki, Azərbaycanda 1000 manata boya xidməti olsun. Yazını oxuyan oxucu üçün bu rəqəm gülünc görünür. Heç bir salon 1000 manata saç boyamır. İnformasiyaya qətiyyən inanmasınlar. Bizim salona şou-biznesin tanınan, zövqlü xanımları gəlir. Salon baha qiymətə, yaxud keyfiyyətsiz iş görsə, birinci oranı tərk edən onlar olardı. "İn studio" var olan gündən həmin xanımlarla bir ailəyə çevrilmişik. Müştərilərimizə gözəllik və komfort bəxş edirik. Heç kim "aldadıblar" sözün işlədə bilməz. Nigar maddiyatdan öncə müştəriyə gözəllik bəxş etməyi düşünüb. Mənə elə gəlir ki, bu xəbəri yayan şəxslər mözvu ilə diqqət çəkmək istəyir. Hamıya bəllidir ki, 1000 manata saç boyanmaz. Eyni zamanda bizdən heç bir müştəri narazı getməyib. "İn studio" artıq bir akademiyaya çevrilib. Əgər salon müştərini aldatsaydı, bunu səsi-sorğı 15 illik fəaliyyəti dövründə çoxdan çıxardı".
Rəqsanə