“Azərbaycan xalqının ənənəsində var ki, ana ölər, miras balaya qalar. İlhamə xanımın da vəkiliyəm və heç vaxt ondan eşitməmişəm ki, pulunu əsgərlərə verəcək. Bu məsələni rəhmətə getdikdən sonra eşitdim və şoka düşdüm”.
Bunu Teleqraf.com-a Orxan Nadirovun vəkili Elmira Məmmədova deyib: “Orxan ilə İlhamə ana-bala idilər. Ana baladan inciyər də, küsər də. Biz övladlarımızdan incimirik? Mən də əsəbləşəndə oğluma deyirəm ki, sənə heç nə verməyəcəm. Bu, o demək deyil ki, ana övladından inciyibsə ona miras çatmır. Hamı bilir ki, Orxanı İlhamə xanım uşaqlıqdan övladlığa götürüb. İlhamə xanım xəstəxanada olanda mənə dedi ki, nəvəsi Ruslanın ad günü olacaq və ona iki otaqlı ev hədiyyə edəcək. Dedim ki, onsuz da hər şeyin Ruslanındır. Bildirdi ki, bu evi də xüsusi olaraq ona hədiyyə edəcək.
Əlbəttə ki, miras Orxana, Orxan olmasa nəvəsi Ruslana çatmalıdır. İlhamə xanım var-dövlətini əziyyəti ilə qazanıb. Əli müəllimə də Allah can sağlığı versin, onu çox istəyirəm. Amma məhkəmə var və heç bir hakim Orxanı mirasdan məhrum edə bilməz. Hətta onu da deyim ki, İlhamə xanımın bacıları olduğunu bilmirdim. Dəfnindən sonra bildim. Miras necə dövlətə qala bilər? İlhamə xanım tənha ağac deyil. Onun bacıları, oğlu, nəvəsi var. Əgər Orxanı oğlu kimi qəbul etmirlərsə, niyə hüzndə hər kəs ona baş sağlığı verirdi? Hörmətli mədəniyyət və turizm nazirimiz də Orxana baş sağlığı verdi. Bir dəfə İlhamə xanıma sual verdim ki, vərəsəlik haqqında nə düşünürsünüz? Dedi ki, vərəsəlik haqqında yazıb. Bəlkə də yazmayıb. Onu dəqiq deyə bilmərəm. Əslində, İlhamə xanım ölümünə hazırlaşmırdı. Deyirdi ki, 20-30 il yaşayacaq. Hətta İlhamə xanım desə də ki, Orxana miras vermirəm, yenə dövlətin qanunu var. Onu uşaqlıdan övladlığa götürüb. Ola bilməz ki, İlhamə xanım oğlunu çöldə qoysun. Əlbəttə ki, mirasdan Orxana da pay düşür. Orxan onun vərəsəsi hesab olunur”.
Rəqsanə