26 May 2016 12:04
2 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Aygün xanım saç rənginizi, stilinizi dəyişmisiniz...
- Bəli, saçlarımın rəngini dəyişmişəm. Qəbələ günəşi nəticəsində bir az da dərimin rəngi dəyişib. Konsertə hazırlaşırıq. Bildiyiniz kimi iyunun 18-də Nabranda konsert verəcəyik. Maraqlı konsert olacaq. Yeni mahnılar ifa edəcəyik. Eləcə də yeni mahnımız üçün fotosessiya olacaq.

- Hansı yeni mahnıları ifa edəcəksiz?
- "Orasına-burasına" adlı mahnıma ümidlərim çoxdur. Inanıram ki, yayın hit mahnısına çevriləcək. Mahnının bəstəkarı "Qala" qrupunun rəhbəri Ceyhun Əliyevdir. Digər mahnılar da ifa edəcəm, inşallah. Tələsməyin, bütün mahnılarımızı yavaş-yavaş təqdim edəcəm. "Yalana bax" mahnısını yeni aranjemanda ifa etdim. Bəstənin aranjemançısı İslam Şirvani idi. O fərqli bir aranjemançıdır.

- Aygün xanım, Türkiyədə idiniz, Bakıya bir neçə gün öncə gəlmisiniz. Türkiyədəki layihələriniz haqqında məlumat verməyinizi istərdik...
- Hazırda bir az yorulmuşam. Ona görə də Türkiyədəki layihələrimi dondurmuşam. Hələ ki, vətənimdəyəm. Bu dəfə Türkiyədə çox qaldım. Daha çox göylərdə vaxt keçirdim (gülür ). Stüardessaların artıq bioqrafiyasını bilirdim. Pasportu təzə almışam, amma artıq möhür üçün yer yoxdur. Bilmirəm, pasportu dəyişmək, yoxsa nə isə əlavə etmək lazımdır. Ona görə hələlik vətənimdəyəm. Mən hisslərlə, intuisiyam ilə addım atıram. Nədənsə bu dəfə vətənimdə çox qalmaq istəyirəm. Vətənimi özləmişəm.

- Aygün xanım, sizi qala gecələrində, təqdimatlarda gec-gec görürük. Bunun səbəbi nədir?
- Bundan sonra da təqdimatlarda görməyəcəksiniz.

- Dəvət aldığınız və getməkdən imtina etdiyiniz təqdimat olubmu?
- Çox təqdimata dəvət alıram. Amma çox nadir hallarda hardasa görsənirəm. Mənim xarakterim belədir.

- Həmkarlarınızla probleminiz olan zaman nə edirsiniz?
- Nələrsə baş verəndə zəng edirəm və deyirəm ki, özünüzü yığışdırın.

- Eşitdiyimizə görə, "Kara Sevda" serialını izləyirsiniz...
- Bəli "Kara sevda" və "Möhtəşəm yüz il Kösem Sultan" seriallarını izləyirəm. Amma özümə söz vermişəm "Kara Sevda" serialını da uzatsalar bir daha baxmayacam. 3-4-cü günlər qismətdən elə olur ki, evdə oluram. İşim olan zaman isə internetdə izləyirəm. Amma başqa seriallara baxmıram. Ancaq özümə baxıram (gülür ).

- "Qarabağ" və "Neftçi"nin final görüşündə konsert proqramı ilə çıxış etdiniz. Ümumiyyətlə, futbol və idmana münasibətiniz necədir?
- İdmanla bağlı bir çox layihələrimiz olub. Eləcə də müğənni kimi fəaliyyət göstərmədən öncə uzun müddət həndbolla məşğul olmuşam və gənclərdən ibarət yığmanın kapitanı idim. Hansısa azarkeşlik etdiyim komanda yoxdur, ancaq öz futbolçularımızın yarışlarını izləmişəm və uğurlarına sevinirəm. Azarkeşlik başqa şeydir.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər