Böyük Britaniyanın simvollarından biri sayılan, məşhur "London Eye" attraksionunun qarşısındakı meydanda Azərbaycanı Çempionlar Liqasının qrup mərhələsində təmsil edən "Qarabağ" futbol klubuna dəstək, eyni zamanda Azərbaycan turizminin təbliği məqsədi ilə böyük fleşmob keçirilib.
Teleqraf.com Milli Turizm Təbliğat Bürosuna istinadən xəbər verir ki, tədbirdə milli musiqi parçaları səsləndirilib, xarici qonaqlara rəqs proqramı təqdim olunub.
Eyni zamanda, fleşmob çərçivəsində Azərbaycanın milli suvenirləri paylanılıb. Tədbirə çoxsaylı turist və soydaşlarımız qatılıb. Həmçinin Londonda "Qarabağ"ın uzunluğu 20, eni 10 metr olan geyim forması qaldırılıb, onun üzərində komandanın simvolları ilə yanaşı, "AZERBAİJAN.TRAVEL" və "#VISITBAKU" sözləri yer alıb
Qeyd edək ki, Milli Turizm Təbliğat Bürosu tərəfindən Avropanın üç böyük paytaxt şəhərində - London, Madrid və Romada bu kimi digər möhtəşəm fleşmoblar və sair tədbirlər planlaşdırılır. Onlar ilk növbədə, "Qarabağ" futbol klubuna dəstək məqsədilə keçiriləcək. Fleşmoba cəlb olunan könüllülər həmin şəhərlərin mərkəzi yerlərində Ağdam təmsilçisinin irihəcmli geyim formasını qaldıracaqlar. Azərbaycan bayraqlarının dalğalandırıldığı aksiyalarda çoxsaylı azərbaycanlı könüllülər, tələbələr iştirak edəcək, "DJ"lər musiqi səsləndirəcək, sakinlərə Azərbaycan və ölkəmizin turizm imkanları barədə məlumatların əks olunduğu təbliğat materialları paylanacaq.