1941-ci ilin yayında Hitler Almaniyasının SSRİ-yə hücumu bütövlükdə SSRİ imperiyası çətiri altında yaşayan millətləri və xalqları hərəkətə gətirdi. Başlanan amansız müharibədə təkcə kişilər deyil, qadınlar da aktiv rol almalı oldu.
Teleqraf.com bu dəfə II Dünya müharibəsi zamanı ən sərrast atıcı statusunu alan SSRİ snayperlərini təqdim edir:
Tanya Baramzina Sovet ordusuna qatılmazdan əvvəl orta məktəb şagirdi olub. Baramzina Belarus cəbhəsində müharibəyə qatılıb və məxfi əməliyyatlar keçirmək üçün dəfələrlə paraşütlə düşmən arxasına atılıb. Müharibə və xidməti dövründə ən azı 35 alman öldürüb. Sonradan Baramzina düşmən əlinə keçib və işgəncələrə məruz qalıb. 1945-ci ilin 24 mart tarixində Tanya Baramzina qəhrəman elan olunub.
Nadejda Kolesnikov 1943-cü ildə könüllü olaraq Şərq Cəbhəsində xidmətə başlayıb. Xidməti dövründə 19 düşmən məhv edib. Bu, ancaq onun öldürdüyü və təsdiqini tapan rəqəmdir. Müharibədən sonra Nadejda “Cəsarət medalı”na layiq görülüb.
Ziba Qəniyeva milliyyətcə azərbaycanlıdır. Sovet ordusuna qatılmazdan əvvəl Azərbaycanda kino aktrisası olub. Ziba müharibəyə III Moskva Kommunist Silahlı Hərəkatı tərkibində qatılıb. Cəsur xanım 16 dəfə düşmən xəttini keçərək 21 alman əsgərini məhv edib. Moskvanın müdafiəsində aktiv rol oynayan Qəniyevanın yaralanmasından sonra yenidən müharibəyə qatılmasına icazə verilməyib.
Roza Şanina 20 yaşında müharibəyə qatılmaq istəyib. Lakin ona icazə verilmədiyi üçün Stalinə iki dəfə məktub yazıb. Vilnüs döyüşündə özünü təsdiq edib. Müharibədə olduğu dövrdə 59 alman zabitini məhv edib. Bununla belə, Roza bu müharibədən sağ çıxmayıb.
Lidiya Markova müharibədən sağ qurtarmağı bacarıb. O, Baltik cəbhəsində vuruşub. Markova 84 dəfə uğurlu əməliyyat həyata keçirib. Xidmətlərinə görə II və III dərəcəli Zəfər nişanı ilə təltif edilib.
Kladiya Kaluqina isə müharibəyə gedən ən azyaşlı xanımlardan hesab olunur. Artıq 17 yaşında olanda Sovet ordusunun ən sərrast snayperi hesab olunurdu. Müharibə karyerasına silah zavodundan başlayıb, daha sonra snayper kurslarına gedib. III Belarus cəbhəsində xidmət edib. Leninqradın müdafiəsində xüsusi məharəti ilə seçilib. 257 düşməni məhv edib.
Atasını 1942-ci ildə itirən Nina Lovkovskaya Sovet ordu sıralarına qatılıb. Leytenant rütbəsinə qədər yüksəlib. 1945-ci ildə Berlinəcən gedib çıxıb. Müharibədən sağ çıxan Nina 100 nəfərlik snayper qrupuna komandanlıq edib.
“Ana Nina” kimi tanınan Nina Pavlovna müharibə zamanı ən yaşlı snayper olub. Cəbhəyə 48 yaşında yollanıb. Müharibə dövründə snayper 122 düşmən əsgərini məhv edib. Müharibənin başa çatmasından bir həftə sonra yol qəzası nəticəsində həlak olub.
1916-cı ildə Ukraynada doğulan Lüdmila Pavliçenko Sovet ordusu sıralarında xidmət keçən ən sərrast atıcı kimi tarixə düşüb. Müharibədən əvvəl universitet tələbəsi olan Lüdmila eyni zamanda atıcılıqla maraqlanıb. Sovet ordusunun 25-ci Çapayev Tüfəngi bölməsində xidmət edib. Lüdmila 29 düşmən snayperçisi daxil olmaqla 309 alman əsgərini məhv edib.
Xatırladaq ki, on minlərlə qadın sovet ordusu tərkibində Hitler Almaniyası istilasına qarşı vurub. Ancaq çox az sayda qadın müharibədə sağ qalmağı bacarıb.