Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” adlı yeni rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatları təqdim edilir.
Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs ABŞ-da yaşayır, jurnalistika və QHT sahəsində araşdırmalarla məşğuldur. Azərbaycan kökənli Sibel Dəniz Edmondsdan bəhs edirik.
Sibel Dəniz Edmonds ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) keçmiş tərcüməçisi, Milli Təhlükəsizlik Müxbirləri Koalisiyasının (NSWBC) qurucusudur. Edmonds türk əsilli şəxslərin qanunsuz fəaliyyətlərini ört-basdır etmək ittihamı ilə 2002-ci il mart ayında FBI-dan uzaqlaşdırılıb. Eyni zamanda, ölkənin milli təhlükəsizliyini təhdid edən fəaliyyətlər həyata keçirməkdə günahlandırılıb. Amma bu barədə barəsində kəşfiyyat məlumatlarının olduğu iddia edilsə də, açıqlanmayıb, özü də bu ittihamları qəbul etməyib.
Edmonds “Boiling Frogs Post” adlı bitərəf, kriminal və korrupsiya sahələrində araşdırma fəaliyyətlərini həyata keçirmək məqsədi daşıyan internet saytının qurucusu və baş redaktorudur. 2012-ci il mart ayında “Təsnif edilmiş qadın – Sibel Edmondsun hekayəsi” (“Classified Woman – The Sibel Edmonds Story”) adlı əsərini yayımlayıb. Edmonds Əfqanıstandakı korrupsiya hallarını araşdırma və mediada işıqlandırma fəaliyyətləri ilə də məşğul olub.
Güney Azərbaycandan olan Sibel Dəniz Edmondsun valideynlərinin hər ikisi Azərbaycan türküdür. 1970-ci ildə Güney Azərbaycanda doğulub. Edmonds 1988-ci ildə ABŞ-a ali təhsil almağa gedənə qədər Güney Azərbaycan və Türkiyədə yaşayıb. Türk, Azərbaycan və ingilis dillərini mükəmməl bilir.
Amerikanın Corc Vaşinqton Universitetində psixologiya və cinayət hüququ təhsilini alıb. Corc Mason Universitetində politologiya və beynəlxalq ticarət fakültələrində magistr dərəcəsini qazanıb.
Sibel Dəniz Edmondsun ABŞ Federal Təhqiqatlar Bürosunun əməkdaşı olan yeganə azərbaycanlı olduğu da iddia edilir.