Dünyanın ən bahalı poçt göyərçini Belçikada hərracda 1,6 milyon avroya satılıb.
Teleqraf.com xəbər verir ki, “Pipa” göyərçin mərkəzi onlayn təşkil etdiyi hərracda "Yeni Kim" adlı iki yaşlı dişi göyərçinə alıcı tapılıb.
Mərkəzdən verilən açıqlamaya görə, çinli alıcılar "Yeni Kim" üçün 1,6 milyon avro, "Ana Yeni Kim" üçün 400 min avro, "Palme Kim" üçün 204 min avro, "Kim” üçün isə 180 min avro ödəyib. Göyərçin yetişdirən Hok Van de Vouvera aid daha 445 göyərçinin satışa çıxarıldığı bildirilib.
Açıqlamaya əsasən, hərracda 157 göyərçin üçün ümumilikdə 4 milyon 779 min 850 avro ödənilib.
Qeyd edək ki, 2019-cu ildə Belçikada "Armando" adlı erkək göyərçini 1 milyon 252 min avroya çinli satın almışdı. Uzun məsafəli yarışlarda çempionluğu qazanan 5 yaşlı daşıyıcı "Armando", o dövrdə ən bahalı göyərçin idi.