Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs elm dünyasının ən məşhur simalarından biridir.
Məmmədbağır Əliyev 1955-ci il aprelin 8-də Tacikistanın Kurqan-Tube şəhərində həkim ailəsində doğulub. Atası travmatoloq-cərrah, anası ginekoloq olub.
1962-1972-ci illərdə Bakıda 189 saylı orta məktəbi bitirib. 1979-cu ildə Azərbaycan Dövlət Tibb Universitetinin məzunu olub. Bundan sonra Bakıdakı Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsində anestezioloq-reanimatoloq vəzifəsində işləyib. 1983-cü ildə uşaqlarda mürəkkəb omba çıxıqlarının müalicəsi üzrə tezisini müdafiə edib. 1987-1988-ci illərdə Bakıda Travmatologiya və Ortopediya Klinikasında ortopediya şöbəsinin müdiri vəzifəsində çalışıb.
1990-cı ildə Rusiya Onkoloji Tədqiqatlar Mərkəzində doktorluq dissertasiyası üzərində işləmək üçün Moskvaya göndərilib. İki il sonra əzələ-skelet sistemi şişləri mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1992-ci ildən Rusiya Xərçəng Tədqiqatlar Mərkəzinin əzələ-skelet sistemi şişləri şöbəsinin aparıcı elmi işçisidir. 1998-ci ildən bu klinikanın professorudur.
Uğurlu karyera
1999-cu ildə “Osteosarkomun kombinə edilmiş müalicə metodlarının inkişafı və klinik praktikaya tətbiqi” üçün Rusiya Federasiyasının “Elm və texnika sahəsində” dövlət mükafatı laureatı adına layiq görülüb.
2004-cü ildə onko-ortopediya üzrə ixtisaslaşmış Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilib.
2006-cı ildə Rusiya Federasiyası Hökumətinin “Elm və texnika sahəsində” mükafatına layiq görülüb.
2007-ci ildə onko-ortopediya üzrə ixtisaslaşmış Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü seçilib.
2009-cu ildən bəri Rusiya Federasiyası Prezidenti yanında İctimai Palatanın üzvüdür.
2011-ci ildə onko-ortopediya üzrə ixtisaslaşmış Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Bu dövrdə 6 elmi monoqrafiya, 2 dərs vəsaiti, 5 kitab, həm Rusiya, həm də dünyanın digər ölkələrində 500-ə yaxın elmi əsər və məqalə nəşr etdirib.
Məmmədbağır Əliyev 9 ixtira və 6 səmərələşdirici təklifin müəllifidir.
Onkologiya ixtisası üzrə 16 namizəd və 13 elmlər doktoru hazırlayıb.
Elmi fəaliyyəti
Sümüklərin, yumşaq toxumaların və dəri şişlərinin sarkomaları, metastatik skelet xəstəliklərinin yüksək texnoloji müalicəsi, sümük və oynaqların endoprostetikası və reabilitasiya müalicəsi, onkologiyada rekonstruktiv cərrahiyyə, onurğa şişləri, pelvik sümük şişinin rekonstruktiv əməliyyatı və uşaq onkologiyası M. Əliyevin elmi fəaliyyətlərinə daxildir.
Məmmədbağır Əliyev Rusiya onkologiyasında ən yeni tendensiyanın - xərçəng xəstələrinin kompleks ortopedik müalicəsini özündə birləşdirən onkortopedikanın - skelet şişləri üçün endoprostetik, onurğada bel, çanaq, döş divarının cərrahi müalicəsi və mikro və rekonstruktiv damar cərrahiyyəsinin banisidir.
Avropa Onkoloqları Beynəlxalq Protokollar Təşkilatının (EORTC), Beynəlxalq Ortopediya və Travmatologiya Cəmiyyətinin (SICOT), Avropa Əzəzlə-Skelet Şişləri Cəmiyyətinin (EMSOS) üzvüdür. Eləcə də “Sarkomı kostey, myaqkix tkaney i opuxoli koji” (“Sümüklər, yumşaq toxumalar və dəri şişləri) jurnalının redaksiya heyətinin sədri, 5 tibbi jurnalın redaksiya heyətinin üzvüdür.
Xilas edilən həyatlar
2009-cu ildə Məmmədbağır Əliyevin təşəbbüsü ilə Rusiya və MDB ölkələrindən olan mütəxəssisləri birləşdirən Şərqi Avropa Sarkoma Qrupu yaradılıb. 2017-ci ildən bəri Rusiya Elmlər Akademiyası Rəyasət Heyətinin üzvüdür. 2009-cu ildən Şərqi Avropa Sarkoma Qrupunun prezidentidir.
2017-ci ildə N.N.Bloxin adına Milli Tibbi Onkologiya Mərkəzinin elmi və kliniki işlər üzrə direktor müavini və Elmi Tədqiqat Pediatrik Onkologiya və Hematologiya İnstitutunun direktoru vəzifələrindən istefa verib.
2019-cu ildən bəri Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Radiologiya Mərkəzi Federal Dövlət Büdcə İdarəsinin baş direktorunun məsləhətçisidir, elmi kadr hazırlığı aparır və cərrahi işlərdə fəal iştirak edir. Minlərlə insanın həyatını xilas edib. Yaratdığı elmi məktəbdə əsas diqqət orqan qoruyucu əməliyyatlara yönəldilir, bunun sayəsində xəstələrdə əlilliyin qarşısını alınır.
Məmmədbağır Əliyev 2001-2016-cı illərdə Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti olub. Qeyd edək ki, sözügedən qurum 2017-ci ildə ləğv edilib.
Mükafatları
1999-cu ildə Rusiya Federasiyasının “Elm və texnika sahəsində” dövlət mükafatı.
2005-ci ildə Rusiyanın “Əməkdar elm xadimi”.
2006-cı ildə Rusiya Federasiyası hökumətinin “Elm və texnika sahəsində” mükafatı.
2011-ci ildə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə Azərbaycan prezidentinin “Dostluq” ordeni.
2015-ci ildə “Milli səhiyyədəki xidmətlərinə görə” medalı.