8 Sentyabr 2021 19:45
3 402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri, ordu generalı Yevgeni Nikolayeviç Ziniçev 18 avqust 1966-cı ildə Leninqradda (indiki Sankt-Peterburq) anadan olub.

Teleqraf.com bildirir ki, o, Sankt-Peterburq Biznes və Hüquq İnstitutunun iqtisadiyyat fakültəsini və maliyyə-kredit fakültəsini bitirib. 2013-cü ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasında yenidən peşəkar hazırlıq keçib.

1984-1986-cı illərdə SSRİ Silahlı Qüvvələrində Şimal donanmasında xidmət edib.

1987-2015-ci illərdə SSRİ, daha sonra Rusiya Federasiyasının dövlət təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Məlumata görə, Y.Ziniçevin bu müddət ərzində onun özü kimi kəşfiyyat orqanı əməkdaşı olan həmyerlisi Vladimir Putinlə şəxsi yaxınlıq əlaqəsi yaranıb. Y.Ziniçev 2005-ci ildən etibarən Rusiya Prezidentini işgüzar səfərlərdə müşayiət etməyə başlayıb.

Eks-mer Yuri Savenko, Vladimir və Lyudmila Putina, Yevgeni Ziniçev Kalininqrad-Köniqsberqin 750 illik yubiley tədbirində. 2005-ci il

TASS agentliyinin yaydığı fotoşəkillər bunu deməyə əsas verir. Bu fotoşəkillərin birində Ziniçev Putini 2006-cı ildə Yaroslavl səfərində müşayiət edir.

Putin Yaroslavlda. 2006-cı il. Ziniçev soldan ikincidir.

TASS tərəfindən dərc olunan bütün arxiv fotoşəkillərində Ziniçev dövlət başçısının bilavasitə yaxınlığındadır.

Digər fotolar isə V.Putinin 2010-cu ildəki İvanovo səfəri zamanı çəkilib.

Putin (ön planda) və FTX-nin əməkdaşı Yevgeni Ziniçev (ikinci planda) İvanovoda, 2010-cu il.

Putin (ön planda) və FTX əməkdaşı Yevgeni Ziniçev (sağda) İvanovoda, 2010-cu il.

Y.Ziniçev Federal Təhlükəsizlik Xidmətinin Kalininqrad vilayət şöbəsinin rəisi təyin edilməzdən əvvəl FTX-nin Terrorla Mübarizə Xidmətinin rəis müavini vəzifəsində çalışıb.

2015-ci ilin iyunundan 2016-cı ilin iyulunadək FTX-nin Kalininqrad vilayəti üzrə rəisi vəzifəsini tutub. Vilayət antiterror komissiyası sədrinin müavini, Kalininqrad vilayətinin qubernatoru yanında Korrupsiyaya Qarşı Mübarizə Şurasının sədr müavini olub.

2016-cı ilin iyul-oktyabr aylarında Ziniçev müvəqqəti olaraq Kalininqrad vilayətinin qubernatoru vəzifəsini icra edib.

2016-cı ilin noyabr ayında onun RF FTX-nin direktor müavini olduğu məlum olub.

Prezident Putin və FTX əməkdaşı Y.Ziniçevin (sağda) İvanovoda çəkilmiş daha bir fotosu, 2010-cu il

18 may 2018-ci ildə Rusiya Federasiyası Prezidentinin fərmanı ilə Yevgeni Ziniçev Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri vəzifəsinə təyin edilib.

21 dekabr 2020-ci ildə ordu generalı rütbəsinə layiq görülüb.

8 sentyabr 2021-ci ildə Yevgeni Ziniçev xidməti vəzifəsini yerinə yetirərkən həlak olub. Onun idarələrarası təlim zamanı insan həyatını xilas etdiyini bildirilir.


Müəllif: Səxavət Həmid