İnsan həyatı, qan-tər və acı göz yaşları bahasına başa gələn tarixin ən uzunmüddətli tikinti layihəsi Böyük Çin səddidir. Səddin eramızdan əvvəl 221-ci ildə imperator Sin Şi Xuandi tərəfindən tikildiyi qeyd edilsə də, əslində imperator ayrı-ayrı yerlərdə tikilmiş divarları sərhəd xətti boyunca birləşdirib.
Teleqraf.com Çin Səddi ilə bağlı tarixi məlumatları təqdim edir:
Səddin əsası milladan əvvəl VIII əsrdə qoyulub. Tarixi səddin tikintisinə Çinin Henan əyalətindən başlanılıb. Səddin tikintisinin ölkənin şimalından başlanmasının bir sıra vacib cəhədləri olub. Divarın Çinin şimalında tikilməsində məqsəd köçəri Hun tayfalarının axınlarının qarşısını almaq idi. Tikintisində gil, daş, kərpic və əhəngdən istifadə olunub. Səddin uzunömürlü hissələrinin inşasında düyü unundan hazırlanan yapışqandan istifadə edilib.
Bənövşəyi sərhəd və Dünyanın əjdahası
Çin səddinin inşası iki min ildən çox davam edib. Tikiliyə dövrünə görə müxtəlif cür adlar verilib. Abidənin ən məşhur adları “Bənövşəyi sərhəd” və “Dünyanın əjdahası” olub. Dünyada ən uzun tikilisi olan abidənin Çin dilindən tərcüməsi isə “Uzun divar” deməkdir. Əfsanəyə görə səddi hörən ustalar üçün divarın istiqamətini əjdaha göstərib.
Əl arabasının ixtirası
Divarın tikintisi zamanı çinlilər tərəfindən bu gün də istifadə olunan əl arabası ixtira olunub. İşçi qüvvəsini əsgərlər, kəndlilər, qiyamçılar və əsirlər təşkil edib. Çin səddi dünyada ən uzun müdafiə divarıdır. Lakin maraqlısı odur ki, sədd Çinin müdafiəsi ilə bağlı məsələləri həll etmək gücündə deyildi. Çünki müxtəlif tikililərdən ibarət olan səddi köçəri tayfalar divar yarıqlarından və ya keşikçiləri ələ alaraq aşırdılar.
Bilgə xaqanın, Mete xanın aşdığı Çin səddi
Qədim türk hökmdarları Bilgə xaqan, Mete xan, həmçinin Çingiz xan Böyük Çin səddini aşaraq ölkənin içərilərinə doğru irəliləməyə nail olub. Çin səddi müdafiə funksiyasından əlavə divar sərhəd, nəzarət, gömrük rüsumlarının tətbiqi, ticarətin tənzimlənməsi və immiqrasiya məsələlərində istifadə olunurdu.
Dünyanın ən geniş məzarlığı
Tikilinin çöl tərəfi “yad torpaqlar” adlanırdı. Çin səddi həmçinin “dünyanın ən geniş məzarlığı” kimi də tanınır. Belə ki, onun inşası zamanı minlərlə insan həyatını itirib. Tikinti zamanı işçilərin bəzilərini hətta divarın bünövrəsində dəfn olunduğu da iddia olunur. Amma bu faktlar hələ də öz təsdiqini tapmayıb. Rəsmi olaraq Çin səddinin inşası isə 1644-cü ildə başa çatıb. Avropalıların bu sədlə ilk tanışlığı 1605-ci ildə baş verib. Əsrlər boyunca bu tarixi tikili minlərlə savaşa şahid olub. Ən sonuncu isə 1938-ci ildə baş verən rus-yapon müharibəsidir.
Divara Çin səddi adının verilməsi
Divar Çin səddi adını XIX əsrin sonlarında alıb. Uzun illərdir ki, divarın böyük bir hissəsi qəzalı vəziyyətdədir. 70-ci illərdə bu tarixi tikili zülmün rəmzi hesab olunduğundan insanlar daş və kərpicləri qopararaq ev tikmək üçün istifadə edirdilər. Səddin ən enli yeri 9,14 metrdir. Ən hündür hissəsi isə 7,92 metrlik keşikçi qülləsidir. Səddin mövcud uzunluğu ümumilikdə 8850 km-dir. Ehtimal edilir ki, bu səddin uzunluğu bir vaxtlar 21 min kilometr olub. Səddin təxminən üçdə bir hissəsi tamamilə yoxa çıxıb. 1987-ci ildə bu tarixi abidə UNESCO-nun ümumdünya irs siyahısına daxil edilib. 2007-ci ildə isə Çin səddi dünyanın 7 möcüzəsindən biri seçilib. Hər il Çin səddini milyonlarla turist ziyarət edir. Səddin aydan görünməsi isə tamamilə əfsanədir.