May ayında Belçikada vəfat edən yazıçı Piter Haspeslaqın yandırılmış cəsədinin külü onun bu yaxınlarda işıq üzü görən son kitabının çapında istifadə olunan mürəkkəbə qarışdırılıb.
Teleqraf.com xəbər verir ki, Haspeslaqın külü ilə qarışdırılmış mürəkkəbdən kitabın yalnız ilk 25 min nüsxəsində istifadə olunub.
Belçikalı yazıçı mayda ağciyər xəstəliyindən 68 yaşında vəfat edib. Kitablarına “Piter Aspe” adı ilə imza atan Haspeslaqın “Van İn” kitab seriyasının 5-ci və son nəşrində istifadə edilən mürəkkəb gündəm olub.
Müəllifin yandırılmış cəsədinin külü bu yaxınlarda işıq üzü görən kitabın ilk 25 min nüsxəsində istifadə olunan mürəkkəbə qarışdırılıb.
Haspeslaqın həyat yoldaşı Tamara Hanqeraf Brüggedə keçirilən kitabın təqdimat mərasimində deyib: “Haspeslaq haqda bir çox hekayələr burada yer alıb. Eyni zamanda, bura evləndiyimiz yerdir. Bizim üçün hər şey burada başlamışdı və burada bitib”.
İkisi uşaqlara həsr olunmuş 8 romanın müəllifi olan Piter Haspeslaq 2010-cu ildə beynəlxalq mükafata (“Herakl”) layiq görülüb.