Rusiya Sibirin şimalındakı yaşayış yerlərində evlərə vurulan nüvə ilə qızdırılmış suyu sınaqdan keçirdiyini açıqlayıb. Bununla belə, ekspertlər “Üzən Çernobıl” adlandırılan atom elektrik stansiyasının (AES) suyunun istifadə olunduğu sistemlə bağlı fikir ayrılığına düşüblər.
Teleqraf.com xəbər verir ki, bəziləri yeni texnologiyanın kömür və təbii qazdan daha çox ekoloji cəhətdən təmiz olduğunu dedikləri halda, digərləri də mümkün radiasiya sızmalarından ehtiyat edir.
Enerji Şimal Buzlu okeanında yaxınlıqdakı barjadan əldə edilir və ilk dəfə Arktikanın Pevek limanında yaşayan sakinlərə verilib. Bu enerji Rusiyanın ən yeni nüvə ixtiralarından biri, dünyanın ilk üzən AES-i olan “Akademik Lomonosov”dan gəlir. “Akademik Lomosov” elm adamları tərəfindən “Üzən Çernobıl” adlandırılır.
Bəzi ekspertlər hesab edirlər ki, yeni sistem təbii qaz kimi istixana effekti yaradan yanacaqlardan istifadəni azaltmaqla iqlim dəyişikliyini minimuma endirməyə kömək edə bilər, ABŞ, Çin və Fransada da buna oxşar reaktorlar tikməyi düşünürlər.
Pevekdəki evlərin nüvə enerjisi ilə təmin olacağı bildirilib. Nüvə istiliyindən istixanaların qızdırılması və ya sənaye məqsədləri üçün istifadə edilməsi də nəzərdə tutulur.
ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MIT) nüvə alimi, professoru Yakopo Boncorno bunu “həyəcanverici” adlandırıb: “Bu, çox həyəcanverici xəbərdir. Bu, karbon emissiyalarını dayandırmaq üçün əla yoldur”.
Bəzi ekspertlər isə suyun qızdırılması üçün nüvə enerjisindən istifadənin potensial risklərindən narahat olduqlarını bildiriblər.
Norveçin “Bellona” ekoloji qrupunun tədqiqatçısı Andrey Zolotkov deyib: “Bu, nüvə texnologiyasıdır və biz həmişə onun təhlükələrinə qarşı ayıq-sayıq olmalıyıq”.