Nensi Pelosi son 25 ildə Tayvana səfər edən ABŞ Nümayəndələr Palatasının ilk sədri oldu. Pelosinin səfəri ABŞ-Çin gərginliyini pik həddə qaldırdı. Çin ordusu hələ bir neçə gün əvvəl Pelosinin Tayvana səfərinə cavab olaraq təlimlərə başlamışdı. Ordu təlimlərdə uzaqmənzilli real sursat və adi raketləri də sınaqdan keçirmişdi.
Təyyarəsinin Tayvana enmədən vurulacağı hədəsinə baxmayaraq, adaya gələn Pelosinin karyerası və həyatı da maraq mövzusu olub. Bəs Nensi Pelosi kimdir?
Teleqraf.com amerikalı siyasətçinin həyatına dair məlumatları təqdim edir.
İtalyan əsilli Nensi Pelosi (Nensi Patrisiya D Alesandro) 1940-cı il martın 26-da Baltimor Merilenddə doğulub. Vaşinqtonda Triniti Kollecində siyasi elmlər üzrə təhsil alıb, 1962-ci ildə bakalavr dərəcəsi ilə məzun olub. Pol Pelosi ilə evləndikdən bir il sonra Nyu Yorka köçüb.
Beş övladı olan Pelosi xeyriyyəçi kimi şöhrət qazanıb.
Milli Demokratik Komitədə xidmət edərkən 1981-83-cü illərdə Kaliforniya Demokratik Partiyasının sədri, 1984-cü ildə isə Demokratik Milli Konvensiyasının rəhbəri kimi karyerasında yüksəlib.
ABŞ tarixində ilkə imza atan qadın
2007-ci ilə qədər Nümayəndələr Palatasında azlıqda olan Demokratlara rəhbərlik edən Pelosi aralıq seçkilərində Demokratlar Partiyasının parlamentdə çoxluğu əldə etməsi nəticəsində Nümayəndələr Palatasının yekdil səsini alaraq ABŞ tarixində bu vəzifəyə seçilən ilk qadın olub. 2007-ci il yanvarın 4-dən Nümayəndələr Palatasının sədri vəzifəsini icra edən Pelosi ABŞ tarixində ən yüksək rütbəli qadın siyasətçi adını da bioqrafiyasına yazdırıb. Eyni zamanda, o, Nümayəndələr Palatasının sədri vəzifəsinə seçilən ilk kaliforniyalı və ilk italyan kökənli imtiyazına da malikdir.
Pelosi hiyləgər siyasətçi kimi şöhrət qazanıb və 2002-ci ildə partiya daxilində azlıq lideri kimi durmadan yüksəlib. Elə həmin il azlıq lideri seçilib. 2003-cü ildə vəzifəyə gələndə partiyaya rəhbərlik edən ilk qadın olub.
Obama tərəfdarı
Pelosi İraq müharibəsinin əleyhinə səs verib.
2006-cı ilin noyabrında keçirilən aralıq seçkilərdən sonra Demokratlar Nümayəndələr Palatasında çoxluğu qazanıblar. 2007-ci ilin yanvarında palatanın 110-cu sədri seçilib.
Demokrat Barak Obamanın 2009-cu ildə prezident kürsüsünə keçməsindən sonra Pelosi onun siyasətinin tərəfdarı olub. 2009-cu ilin fevralında Konqresin 787 milyard dollarlıq təşviq paketini idarə etməyə kömək edib.
Həyat yoldaşı Pol Pelosi bu ilin mayında polis tərəfindən saxlanılarkən də gündəmə gəlmişdi. Pol saxlanılarkən sərxoş olduğu və narkotik maddə qəbul etdiyi məlum olmuşdu.
Yeni dünya müharibəsinin astanasında
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi və 5 nəfərlik Konqres heyətini daşıyan təyyarə dünən axşam saatlarında Tayvana enib. Beləliklə, iki həftədir müzakirə olunan və ABŞ-la Çini müharibənin astanasına çatdıran səfər baş tutub. Bəzi analitiklər bunun Üçüncü Dünya Müharibəsinə səbəb olacağını da iddia edirdilər. Hətta Çin Müdafiə Nazirliyi ötən həftə verdiyi açıqlamada Pelosinin səfərinin baş tutacağı təqdirdə buna hərbi yolla cavab verəcəklərini bildirmişdi.
“Pelosi Tayvana gələrsə, Çin ordusu buna imkan verməyəcək”, - açıqlamada deyilmişdi.
Mümkün səfərlə bağlı Çin Xarici İşlər Nazirliyinin açıqlaması isə belə olmuşdu: “Hər ehtimala hazırıq. Əgər ABŞ tərəfi səfərdə israr edərsə, suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq üçün sərt və qətiyyətli tədbirlər görəcəyik”.
Mümkün səfərlə əlaqədar ABŞ və Çin hərbi qüvvələrinin Tayvan yaxınlığında hərbi fəallığı artmışdı. ABŞ Hərbi Dəniz Qüvvələrinin Sakit Okeandakı 7-ci donanmasına bağlı olan “Ronald Reyqan” döyüş gəmisi də həftənin əvvəlində zərbə qrupu ilə Sinqapurdan ayrılaraq şimal-şərq istiqamətində - Cənubi Çin dənizinə doğru hərəkətə keçmişdi.
Çin Xalq Azadlıq Ordusunun donanması isə Tayvan adasının əks sahilindəki Fucian və Cənubi Çin dənizi sahilindəki Quanqdonq əyalətində başlamışdı, əraziləri mülki gəmilərin hərəkəti üçün bağlamışdı.
82 yaşlı Pelosinin aprel ayında Tayvana planlaşdırılan səfəri COVID-19-a yoluxduğu səbəbiylə ləğv edilmişdi. Çin xarici işlər naziri Vanq Yi o zaman xəbərdarlıq etmişdi ki, Pelosinin Tayvana səfəri Çinin “qırmızı xətt”ini keçmək demək olacaq.
Beləliklə, Pelosi son 25 ildə adaya səfər edən ABŞ Nümayəndələr Palatasının ilk sədri oldu. 1997-ci ilin əvvəlində Nyut Qinqriç bu postda olarkən Tayvana səfər etmişdi.