SSRİ və ABŞ-ı sülhə çağırdığı məktubu ilə o dönəmdə ürəkləri fəth edən Samanta Smitin hekayəsi bütün dünyanı heyrətləndirmişdi.
1977-ci ilin yayında Men ştatının Mançester şəhərində bir məktəbli olan Samanta Böyük Britaniya Kraliçası II Elizabetə taxta çıxmasının 25 illiyi münasibətilə təbrik məktubu yazdı. Kraliçanın sözçüsü ona cavab verdi, məktub yazdığına görə təşəkkür etdi. Samata kraliçadan cavab aldığına görə xoşbəxt idi.
Samanta “soyuq müharibə” dövründə ABŞ və SSRİ arasındakı gərginliyin nüvə müharibəsinə çevriləcəyi ehtimalından narahatdı. Anası Ceynin təklifi ilə yenidən qələmini götürdü və SSRİ-nin yeni lideri Yuri Andropova məktub yazdı.
Məktubuna “Yeni işiniz münasibətilə sizi təbrik edirəm” sözləri ilə başlayan 13 yaşlı məktəbli qız qeyd edirdi: “ABŞ və SSRİ-nin nüvə müharibəsinə girəcəyindən narahatam. Siz müharibəyə səs verəcəksiniz, yoxsa yox? Xahiş edirəm, məktubuma cavab verin”.
O andan etibarən Smit ailəsinin həyatı heç vaxt əvvəlki kimi olmayacaqdı.
Ailəyə Samantanın məktubunun “Pravda”da dərc olunduğu xəbəri çatanda Rusiyanın dövlət qəzeti, yerli, milli və beynəlxalq media qəfil Smitlərə müraciət edərək “Amerikanın ən gənc səfiri” haqda əlavə məlumat tələb etməyə başladılar.
Anası yazır ki, onlar arasında Britaniya, Avstraliya, Almaniya və Bolqarıstandan olan telekanallar vardı. Hətta bir fotoqraf ailəni çəkmək üçün Parisdən gəlmişdi. SSRİ də xüsusi icazə ilə televiziya heyətini Mançesterə göndərmişdi.
Aprelin 25-də Andropovdan məktuba cavab gəldi. Bütün dünyada sülh arzusunu ifadə edən məktub SSRİ liderini də heyran etmişdi. Həmçinin məktubunda Andropov Samanta və ailəsini Rusiyaya dəvət edirdi.
Samanta 1983-cü ilin iyulunda SSRİ-yə gələndə Moskvada pionerlər tərəfindən coşqu ilə qarşılandı.
Çox keçmədi ki, hər bir telekanal Samantadan müsahibə almaq üçün mübarizəyə başladı. Amerikalı məktəbli böyük şöhrət qazandı, bir çox nüfuzlu televiziya proqramlarında göründü. Samanta hətta Kobedə keçirilən XXI Əsr Uşaqları Beynəlxalq Simpoziumunda çıxış etmək üçün Yaponiyaya getdi, bunun üçün bir az yaponca da öyrəndi. Amma 1985-ci il avqustun 25-də bir faciə baş verdi!
Samanta və atası İngiltərədə bir proqram (“Lime Street”) çəkilişinə qatıldıqdan sonra evlərinə qayıdırdı. Təyyarə Obern-Lyuston şəhərindəki kiçik hava limanına enməyə hazırlaşırdı. Təyyarə dumanlı və yağışlı havada uçuş-enmə zolağına yaxınlaşarkən buradan təxminən yarım kilometr aralıda qovaq ağaclarına çırpıldı. Təyyarədə olan 8 nəfər, o cümlədən Samanta və atası həlak oldu.
Samanta öləndə cəmi 13 yaşındaydı. Bir çox dövlət xadimi Samantanın tək qalan anasına məktub yazaraq kədərlərini bildirdi.
1985-ci ilin oktyabrında - təyyarə qəzasından iki ay sonra Ceyn Smit ABŞ və SSRİ arasında daha yaxşı anlaşmanı təşviq etməyə həsr olunmuş “Samanta Smit” Fondunu qurdu. Fondun yaradılmasından cəmi bir ay sonra ABŞ və SSRİ prezidentləri Ronald Reyqanla Mixail Qorbaçov İsveçrədə görüşdülər və iki ölkə arasında danışıqları intensivləşdirmək barədə razılığa gəldilər.
“Amerikanın ən gənc səfiri” kimi Samanta Smit o günlərdə bir ümid işığı idi. Bəzilərinə görə, Samantanın bu kiçik, amma qüdrətli səyi müharibənin qarşısını alan səbəblərdən biridir.