6 Dekabr 2023 15:10
2 658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günəşin səthində nəhəng koronal dəlik əmələ gəlib, qeyri-adi sürətli və güclü radiasiya axınlarını (Günəş küləyi) birbaşa Yer kürəsinə doğru göndərir. Elm adamlarına görə, müvəqqəti dəliyin (Yerdən 60 dəfə böyük) ölçüsü və istiqaməti Günəş dövrünün bu mərhələsi üçün misli görünməyib.

Teleqraf.com xəbər verir ki, nəhəng qaranlıq dəlik dekabrın 2-də Günəşin ekvatoru yaxınlığında əmələ gəlib, 24 saat ərzində eni maksimum həddə - təxminən 800 000 kilometrə çatıb.

Dekabrın 4-dən etibarən dəlikdən yayılan radiasiya birbaşa Yerə doğru hərəkət edir.

Mütəxəssislər əvvəlcə bu çuxurun yaxın bir neçə gün ərzində radiodalğa kəsintisinə və güclü auroralara səbəb ola biləcək mülayim (G2) geomaqnit qasırğası yarada biləcəyini proqnozlaşdırdılar. Amma Günəş küləyi gözləniləndən daha zəifdir, buna görə də yaranan fırtına indiyə qədər güclü olmayıb. Ancaq gəlişmələrə uyğun olaraq auroralar hələ də mümkündür.

Kraterin Günəşdə nə qədər qalacağı bəlli deyil. Amma ABŞ Milli Okean və Atmosfer Agentliyinin məlumatına görə, əvvəllər Günəşdə baş verən belə hal 27 gün davam edib. Bununla belə, dəlikdən çıxan axın tezliklə istiqamətini dəyişdirəcək, Yer istiqamətində radiasiya yaymayacaq.

Koronal boşluqlar qaranlıq ləkələr kimi görünür, çünki ətraflarındakı plazmadan daha soyuq və daha az sıxdır. Dəliklər Günəş ləkələrinə bənzəyir, amma onlardan fərqli olaraq, ultrabənövşəyi şüa altında baxılmadıqda görünmürlər.

Koronal boşluqlarından gələn radiasiya axınları adi Günəş küləyindən daha sürətlidir, tez-tez geomaqnit qasırğaları kimi tanınan Yerin maqnit qalxanında pozuntulara səbəb olur. Martda Günəşdə əmələ gələn sonuncu koronal dəlik Yerə doğru istiqamətlənən geomaqnit qasırğasına səbəb olmuşdu, bu da son 6 ildə ən güclüsü idi.

Günəş maksimumu olaraq bilinən 11 illik dövrünün partlayıcı zirvəsinə yaxınlaşdıqca Günəş aktivliyi il boyu artır. Bir qayda olaraq, artan Günəş aktivliyi dövründə yeni koronal boşluqlar əmələ gəlmir. Əlbəttə, belə hallar Günəş dövrünün istənilən nöqtəsində baş verə bilər, amma Günəş minimumu zamanı daha çox rast gəlinir. Günəş maksimumu zamanı göründükdə, adətən ekvatorun yox, qütblər yaxınlığında olur. Buna görə də, Günəş maksimumuna bu qədər yaxın olduğumuz zaman ekvator yaxınlığında belə bir boşluğun necə açıldığına dair hələlik heç bir izah yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu