16 Dekabr 2023 18:08
10 383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk tarixini dəyişdirə biləcək daha bir kəşf Qazaxıstanda edilib. Ölkənin şərqində Qərbi Göytürk dövrünə aid yeni əsərlər və kompleks aşkarlanıb. 2021-ci ildə aparılan qazıntılar zamanı Eleke Sazı Xaqan kompleksindəki kurqan sahəsindən Göytürk soyuna mənsub və Suyabda türk xaqanı adından On-Ox vilayətini idarə etmək üçün təyin edilmiş teginin şəxsi əşyaları tapılıb.

Teleqraf.com xəbər verir ki, əşyalar arasında tarixdə ilk dəfə rast gəlinən Göytürk xaqanının təsviri də var.

Kompleksin quruluş və forması onun II Göytürk Dövləti dövründə tikilmiş ola biləcəyini göstərir.

Qazaxıstanlı professor Zeynolla Samaşev ilk dəfə Türkiyənin “TRT Haber” kanalına yeni tapıntılar haqda məlumatları açıqlayıb.

Samaşev göytürklər dövrünə aid kompleksin türk xalqlarının tarixində xüsusi rol oynadığını, belə bir kompleksin ilk dəfə aşkarlandığını deyib:

“Bu, Qərbi Göytürk xaqanlarından birinin xatirəsinə tikilmiş kompleksdir. Sonralar bu yer insanların böyük ehtiram mərkəzinə çevrilmiş və böyük məqbərə tikilmişdi. Kompleks memarlıq üslubu, dəfn mərasimləri və dini inanc kultu baxımından türk dünyası üçün böyük önəm kəsb edir”.

Samaşev bildirib ki, kurqan sahəsindən tapılanlar xaqanın dəfn mərasimində iştirak edənlərin şəxsi əşyalarıdır:

“Göytürk dəfn mərasimlərinə nəzərə alsaq, mərhumun məzarına şəxsi əşya və silah qoymaq ənənə idi. Tapılan əşyalar arasında qızıldan hazırlanmış toqqa da var. Toqqanın üzərində Göytürk xaqanının taxtında oturmuş, başında tac, əlində isə and qədəhinin təsviri var”.

Məqbərə və tapıntılar Orxon vadisindəki digər komplekslərə bənzəyir. Bunlar Gültigin və Bilgə Xaqanın məzar kompleksindəkilərə bənzəsələr də, Monqolustandakı Şivet Ulanla daha yaxın oxşarlıqlara malikdir.

Son qazıntıdan əvvəl aparılan araşdırmaları zamanı Eleke Sazıda Göytürk sülaləsinin nümayəndəsini əks etdirən heykəl aşkar edilib.

Tapıntılar arasında ən diqqətçəkəni iki bəzəkli qızıl qabdır. Bu qablarda taxtında oturan bir xaqan və ona qulluq edən nökərlərinin təsvirləri yer alır. Beləliklə, tarixdə ilk dəfə Göytürk xaqanının təsviri tapılıb. Məlumdur ki, qədim türk dövlətlərində qızıl toqqa və ya kəmər taxmaq hökmranlıq əlaməti idi.

Samaşev Göytürk xaqanının üzünü əks etdirən toqqanın türk dünyası üçün böyük önəmə malik olduğunu söyləyib:

“Bu toqqanın önəmi onun taxtda oturan, başında tacı olan Göytürk xaqanını təsvir etməsidir. Göytürklərin taxtaçıxma mərasimləri haqda yazılı mənbələrdə çoxlu məlumatlar olsa da, arxeoloji tapıntılar bu günə qədər müəyyən edilməmişdi. Bu mənada Elekə Sazıda tapılan toqqa üzərindəki təsvir bizə taxt mərasimlərinin necə keçirildiyi barədə konkret tapıntılar verir”.

Kompozisiyanın digər önəmi ondan ibarətdir ki, bu, türk xaqanlarının qonşu dövlətlərin səfirlərini necə qəbul etdiyini göstərir. Toqqada xaqanın qarşısında diz çökmüş iki nəfər qollarında qızıl qabla xaqana təqdimat edir. Təqdimatın təsviri Göytürk xaqanının qonşu ölkələrlə bağladığı siyasi müqavilələri və ya göndərdiyi qiymətli hədiyyələri göstərir.

Təsvirdəki xaqan obrazının Göytürk İmperiyasının qurucuları Bumın və ya İstəmi xaqana aid olduğu ehtimal edilir.

Araşdırmalarda xaqanı təsvir edən böyük daş heykəl də tapılıb.

Kompleksin daxili hissəsində kremasiyanın keçirildiyi ocaq yeri, qızılgül motivli qızıl boşqab bəzəkləri, tunc və metal üzəngilər, mərasim qabı və tunc şamdan, ox ucları və qılınc bizə Göytürk dönəminin mədəni həyatı haqda mühüm ipucu verir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər