Həkimlər müəyyən ediblər ki, gündə üç stəkan yaşıl çay içmək demans inkişaf riskini azaltmağa kömək edə bilər.
Teleqraf.com "Independent"-ə istinadən xəbər verir ki, bununla bağlı Nyukasl Universitetinin İnsan Qidalanması Araşdırma Mərkəzinin həkimləri açıqlama yayıb.
Mərkəzin professoru Edvard Okellonun sözlərinə görə, yaşıl çay zehni performansı və sağlamlığı yaxşılaşdıra bilər.
Okello bildirib ki, yaşıl çayın tərkibində olan kimyəvi maddə beyin hüceyrələrində ona zərər verən fermenti öldürür.
Alimlərin fikrincə, yaşıl çay insanı həm də xoşbəxt edə bilər. Ölümcül ürək xəstəliyi və insult riskini azaltmaqla yanaşı, bu içki əhval-ruhiyyəni gücləndirə bilər.
"Elmi olaraq yaşıl çayın tərkibində zehni cəmləşdirən və eyni zamanda sakitləşdirən bioaktiv birləşmələr var" - deyə Mərkəzin beyin sağlamlığının qidalanması üzrə eksperti Maqqi Moon bildirib.
Bununla belə, elm adamları xəbərdarlıq ediblər ki, yaşıl çay əhvalınızı yüksəltməyə kömək etsə də, onun hər kəsə uyğun dərman olmadığını xatırlamaq lazımdır.