Fransanın Paris Rəsədxanası Saturnun peyki Mimasın buzlu qabığının altında okean kəşf edib. Okean 5-15 milyon il əvvəl formalaşıb.
Teleqraf.com xəbər verir ki, kəşf Miması elm adamları üçün daha maraqlı edir.
Peyk həyatın yaranmasına səbəb ola biləcək şərtləri öyrənmək üçün önəmli faktor kimi qəbul olunur. Məlumdur ki, Yer kürəsində ilk canlı orqanizmləri milyardlarla il əvvəl sularda yaranıb.
“Bu, Günəş sistemində maye su tapmaq üçün ən az ehtimal olunan yerdir. Peyk tükənmiş və hərəkətsiz görünür, çoxlu sayda kraterlərə malikdir. İndiyə qədər heç bir şey onun üzərində okeanın varlığına dair ehtimal verməmişdi”, - Paris Rəsədxanasından astronomu Valeri Leyni deyib.
Elm adamlarına görə, okeanın mövcudluğu Mimasın daxilində buzları suya çevirən güclü istilik mənbəyindən xəbər verir. Üstəlik, maye su bu buzlu peykin yarısından çoxunu təşkil edir.
Mimasın Saturn ətrafındakı orbitində dalğalanmalarını izləyən elm adamları onun ya yeraltı okean, ya da reqbi topuna bənzər nüvəyə malik olduğu qənaətinə gəliblər.
Son araşdırmalar göstərdi ki, Mimasın fırlanması zamanla dəyişir. Tədqiqatdan əldə edilən nəticələrə görə, peykin səthinin 20-30 kilometr dərinliyində həqiqətən də okean var.
Elm adamlarının fikrincə, suyun nüvə ilə təması həyat üçün yol aça bilər. Bununla belə, okean hələ də kifayət qədər gəncdir, ona görə də orada həyatın olduğuna dair heç bir zəmanət yoxdur.
Köhnə məlumatları yenidən nəzərdən keçirən tədqiqatçılara görə, Saturnun digər peyki Enselad önəmli bilgilərə çatmaq baxımından daha “səxavətli” görünür. Bu göy cismində çoxlu sayda üzvi molekullar tapılıb.
Tezliklə Saturnun halqaları bizim baxış sahəmizdən yoxa çıxmağa başlayacaq. Bu, planetin orbitindəki əyilmələr səbəbindən baş verəcək. 2025-ci il martın 23-də Saturnda əyilmə sıfıra enəcək. Planetin halqaları (Yerdən 30 dəfə böyük) nəhəng olsa da, olduqca nazikdir. Əksər yerlərdə onların qalınlığı 100 metrdən azdır.
Saturn Günəş sistemində ən çox peyki olan planet kimi tanınır, hazırda bunların sayı 145-dir.